ONN İnformasiya Agentliyi

Ramil Usubov: “Bölgənin daxilindən və kənardan təxribatlara cəhd edilir”

Ramil Usubov: “Bölgənin daxilindən və kənardan təxribatlara cəhd edilir”
21 Dekabr 2021 - 11:39

“Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə baş tutan səfərin məqsədi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi idi. Azərbaycan Prezidentinin tapşırığı ilə mən dövlətlərarası və regional təhlükəsizlik məsələlərinin ən aktual gündəm mövzularını həmkarımla müzakirə etdim”.

ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

O qeyd edib ki, səfər müddətində Şuşa Bəyannaməsinin imzalanması ilə ölkə arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb: “Bütün görüşlərdə dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğu, regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq, dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfələr verdiyi ortaq qənaətimiz idi”.

R.Usubov bildirib ki, “Azad olunan bölgələrin yenidən dirçəlişi, inkişaf salnaməsi məhz Prezident İlham Əliyev tərəfindən yazılır. Zəfər Komandanı indi Qurucu Lider kimi Qarabağı və Şərqi Zəngəzuru Qafqazın ən böyük tikinti meydanına, güclü inkişaf ünvanına, möhkəm təhlükəsizlik məkanına çevirir”.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu tikinti-quruculuq prosesinin miqyası, dinamikası Azərbaycan dövlətinin gücünü, ən əsası isə Prezident İlham Əliyevin 18 illik fəaliyyət dövrünün nə qədər uğurlu olduğunu göstərir: “Təsəvvürünüzə gətirin, Azərbaycan ağır müharibədən çıxıb. Bu savaşın hər günü dövlət büdcəmizə böyük məbləğdə vəsait hesabına başa gəlib. Ölkəmizin ötənilki hərbi xərcləri milyardlarla manat həcmində olub, bunu hər kəs bilir.

Postsavaş dövründə isə yenə də iki istiqamət üzrə bu işlər intensiv surətdə davam etdirilir. Həm Silahlı Qüvvələrimizin arsenalı daha müasir səviyyədə və çox böyük həcmdə yenilənir, azad olunmuş ərazilərdə, sərhəddə çoxsaylı müvafiq hərbi, müdafiə xarakterli infrastrukturlar yaradılır. Məlum olduğu kimi, indi müdafiə xərcləri əvvəlki illərlə müqayisədə daha da artırılıb. Digər istiqamət isə quruculuq, tikinti məsələləridir ki, onlar da uğurla aparılır.

Dediyim odur ki, müharibədən çıxmış bir ölkə savaşın fəsadlarını aradan qaldırmaq üçün yenə də milyardlarla vəsait xərcləyir. Dünya Azərbaycanın iqtisadi cəhətdən necə güclü dövlət olduğunu elə bu faktlarla görür və bütün bunlar həyata keçirilən siyasətin düzgünlüyünü, islahatların səmərəliliyini göstərir. Aparılan nəhəng quruculuq prosesi Prezident İlham Əliyevin sərkərdəlik qüdrətini, liderlik bacarığını, müdrik idarəçiliyini bir daha təsdiqləyir”.

“Ermənistan dövləti, cəmiyyəti savaşın acı nəticələrindən, sarsıdıcı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyib. Onilliklər boyu yalançı, saxta “ideyalara” əsaslanıb, işğalçı siyasət yürütməyin aqibətini erməni xalqı, lobbisi, hakimiyyəti aydın gördü. Onların “qalib” durumda olduqları dövrlər belə tam tənəzzül illəri idi. Ən əsası isə son 25 il ərzində Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə formalaşan yeni iqtisadi-ticarət-logistika əməkdaşlığı formatından bu dövlət kənar qalmış, tam təcrid vəziyyətinə düşmüşdür”.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, erməni xalqının əksəriyyəti düçar olduğu ağır vəziyyətin, yaşadığı acınacaqlı durumun səbəbinin məhz işğalçılıq siyasəti olduğunu anlayır və Sarkisyan-Koçaryan cütlüyünün keçmiş hərbi xuntasını günahkar kimi qəbul edir: “Bu dövlətdə keçirilən son parlament seçkilərinin nəticələri də erməni xalqının mövqeyini göstərdi. “Müharibə partiyası”na etimad göstərməyən ermənilər seçkilərə 10 noyabr Bəyannaməsinin öhdəliklərini, yəni təslimçilik aktının müddəalarını yerinə yetirəcəyi vədi ilə qatılan iqtidar partiyasına mandat verdi, Azərbaycanla müharibəyə yox, Azərbaycanla əməkdaşlığa səs verdi. Bu seçim Ermənistan rəhbərliyinə nəticə çıxarmaq üçün şərait yaradır. Həm də bizə və beynəlxalq birliyə bu ölkənin daxili auditoriyasının münasibətini öyrənməyə imkan verir. Digər hay-küylər, avantürist, revanşist bəyanatlar erməni xalqının həlledici hissəsinin mövqeyini əks etdirmir və sadəcə, məğlubların ucuz demoqogiyasıdır”.

Hələ ötən ilin sentyabrınadək Ermənistan özünü “güclü ordusu, yüksək döyüş bacarığı” olan ölkə sayırdı: “Ancaq 44 gün içində bütün hərbi arsenalını və şəxsi heyətininin xeyli hissəsini itirdikdən sonra, indi nəinki müharibəyə, ciddi bir müqavimətə belə qadir olmadığı dövrdə bu dövlətin hansısa riskə getməsi az ehtimal olunandır.

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il Bəyanatı, həmçinin bu ilin yanvarında Moskvada, noyabrda Soçidə, daha sonra bu günlərdə Brüsseldə qəbul edilən sənədlər, orada əks olunan müddəalar artıq tam həll olunmuş, bitmiş münaqişənin sonrakı mərhələsi üçün yeganə “yol xəritəsi”dir. Tərəflər öhdəliklərinə əməl etməlidirlər, necə ki, Azərbaycan bunu həyata keçirir. Moskvada hökumət təmsilçləri arasında aparılan üçtərəfli danışıqlar da bu prosesi, əsasən, tənzimləyir. Elə son Soçi və Brüssel görüşləri də sübut etdi ki, Prezident İlham Əliyevin hərbi zəfəri diplomatik cəbhədə uğurla davam edir və maneələrə, təxribatlara baxmayaraq, Azərbaycanın yeni reallıqları ilə xarici ölkələr, beynəlxalq təşkilatlar birmənalı hesablaşırlar”.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağda əvvəllər yaşayan erməni sakinləri üçün də hər cür imkan yaradılacaq, onların sosial şəraiti, məşğulluğu təmin olunacaq, təhlükəsizliklərinə təminat veriləcək: “Cənab İlham Əliyevin sözünün imzası qədər dəqiq və dürüst olduğunu erməni xalqı yaxşı bilir, ən azı öz gerçək tarixlərində buna dəfələrlə şahid olublar”.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, indi Cənubi Qafqaz cənab İlham Əliyevin yaratdığı reallıqların müsbət təsiri, düzgün istiqaməti, qarşılıqlı faydalılığı, ən əsası isə möhkəm sülh və təhlükəsizlik şəraiti ilə yeni həyatına başlayır: “Nəzərə alaq ki, Cənubi Qafqaz bölgəsi ötən əsrin 80-ci illərindən etibarən qanlı savaş mənbəyinə çevrilmişdi. Kənar qüvvələrin iştirakı ilə başlayan, böyük tələfatlarla, kütləvi insan itkisi, qaçqınlıq və köçkünlük problemləri ilə müşayiət olunan bu müharibələr silsiləsində məhz Azərbaycanın Vətən savaşı dönüş nöqtəsi oldu.

Bölgəmizdə maraqları olan məlum dövlətlərin və beynəlxalq təşkilatların yaratdıqları süni əngəllərlə həlli uzanan münaqişələrdən birinin belə yüksək peşəkarlıqla və qısa müddətdə nizamlanması, şübhəsiz ki, regionda yeni situasiya yaradır. Bu situasiya təhlükəsizlikdən iqtisadiyyatadək, demək olar ki, bütün sahələri əhatə edir”.

Cənubi Qafqazda gedən inkişaf prosesinə bölgənin daxilindən və kənardan müəyyən hallarda maneələr, təxribatlar törədilməyə cəhd edilir. Bunların bəzilərindən ictimaiyyətimiz məlumatlıdır. Ancaq bütün bu cəhdlər əbəsdir. Dövlət başçısının mahir diplomatik məharəti, qətiyyətli siyasəti nəticəsində hər bir təxribat, mənfi təsir təşəbbüsü dərhal zərərsizləşdirilir. İndi heç kəs, heç bir qüvvə Azərbaycanla hədə tonunda danışa bilmir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png