Paşinyan 2 milyon dollar cərimə edilə bilər - SƏBƏB
Artıq bir ilə yaxındır ki, Ermənistanda Amulsar qızıl mədəni ətrafında baş verən qalmaqal səngimək bilmir. Avqust ayının 23-də baş nazir Nikol Paşinyan Amulsar dağında mədənin işləməsinə dair əhali ilə görüşərək, onların fikirlərini öyrənib. O, ekologiya üçün ciddi təhlükə olarsa, mədəndə işin dayandırılacağına söz verib. Amma indi bu vədindən imtina etmək məcburiyyətindədir. Əhali də artıq sözündən dönən hökumət əleyhinə aksiyalara başlayıb. Ermənistanın ikinci ən böyük qızıl mədəni olan Amulsar mədənində təxminən 31 milyon ton filiz, 40 ton qızıl var. Bu mədən Ermənistan hökuməti üçün istər maliyyə, istərsə də siyasi baxımdan olduqca əhəmiyyətli hesab edilir. Faktiki olaraq bu gün Ermənistandakı əksər siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları yatağın istismarına qarşıdır. Onlar bu məsələdə yerli əhalinin fikirlərini bölüşərək, layihənin ciddi ekoloji böhrana gətirib çıxaracağını bildirirlər.
