Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət etdi

ONN media xəbər verir ki, Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi. Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi. Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndirildi. Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.