Rusiyanın yeni Baş Naziri kimdir? -DOSYE

Məlum olduğu kimi, bu gün Rusiya Dövlət Duması Mixail Mişustinin namizədliyinə baxaraq, onu Baş Nazir vəzifəsinə təsdiqləyib.
ONN media xəbər verir ki, dünən Rusiya hökuməti tam tərkibdə istefaya gedib və Prezident Putin Baş Nazir vəzifəsinə Mişustina namizədliyini irəli sürüb.
Rusiyanın yeni Baş Naziri 54 yaşındadır. O, Moskvada hərbçi ailəsində anadan olub. Mişustin Moskva Dövlət Texnologiya İnstitunu bitirib, iqtisad elmləri doktorudur.
1998-ci ildə dövlət qulluğuna qəbul olunub və Rusiya Federasiyası Dövlət Vergi Xidmətində çalışıb. İqtisadi İnkişaf Nazirliyində Xüsusi İqtisadi Zonaların İdarəedilməsi üzrə Federal agentliyin rəhbəri vəzifəsində işləyib.
2008-ci ildə könüllü olaraq dövlət qulluğundan ayrılıb və bizneslə məşğul olmağa başlayıb. O, aktivlərin idarə edilməsi sahəsində ən böyük Rusiya şirkətlərindən biri olan “UFG invest” şirkətlər qrupunun prezidenti olub. 2009-cu ilin fevral ayında Rusiya Prezidentinin kadr ehtiyatına daxil olub, 2010-cu ilin aprelində isə Federal Vergi Xidmətinə (FVX) rəhbərlik etməyə başlayıb.
Onun vergi xidməti məlumat sisteminin formalaşmasında böyük rolu olub. Xüsusilə, Mişustinin iştirakı ilə Federal Vergi Xidmətinin müasir veb saytı yaradılıb. Bundan əlavə, Mişustin bu sahədə qabaqcıl informasiya texnologiyalarının tətbiqində yaxından iştirak edib. Elektron rəqəmsal imza haqqında qanunu inkişaf etdirən, eyni zamanda "bir pəncərə" sistemi və vergi sənədlərini rəqəmsal formatda təqdim etmək texnologiyalarını ölkə üzrə tətbiq edən də məhz Mişustin olub.
Maraqlıdır ki, Mişustin hərbi xidmətdə olmayıb. O, ailəlidir, üç övladı var.