Qənirə Paşayeva: "Etimadınızı doğrultmağa çalışacam"

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun qədim kəndlərindən biri olan Hunanlar kəndini məhəllə-məhəllə gəzərək sakinlərlə, seçicilərlə görüşüb, şəhid ailələrini, bir sıra fiziki imkanları məhdud insanların ailəsini ziyarət edib və qayğıları ilə maraqlanıb. ONN media bildirir ki, sakinlərlə görüşdə Qənirə Paşayeva ötən 14 illik deputat fəaliyyəti və Azərbaycanın bölgədə, dünyada artan nüfuzu, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə məlumat verib: "Bu 14 ildə sizə vicdanla, məsuliyyətlə, ləyaqətlə, sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım. Beynəlxalq təşkilatlarda fəaliyyətim zamanı da seçicilərimi və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücümlə çalışdım. Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır". Q. Paşayeva deyib ki, hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz: “Şəhidlərimizi heç zaman unutmayacağıq, onları hər zaman sevgiylə anacağıq”. Q. Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur: "Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə olsa itirməmək üçün çalışdım". Q. Paşayeva vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs əlindən gələni etməlidir. O, 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini də deyib. Tovuzun son illər ərzində çox ciddi problemlərinin böyük bir hissəsinin həllini tapdığını söyləyən Q. Paşayeva “dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik”,- deyib. Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 9 fevral parlament seçkilərində iştirakının, fəal olmasının vacibliyini vurğulayan Q. Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib. Görüşdə iştirak edən seçicilər Q. Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun 14 illik fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyib. Seçiciləri "Siz hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz", - deyərək Q. Paşayevaya uğurlar diləyiblər. Q. Paşayeva seçicilərə dərin təşəkkürünü bildirib: "Etimadınızı doğrultmaq üçün bundan sonra da yorulmadan çalışacam". Seçicilər görüş zamanı müəyyən məsələlərin, problemin həlli ilə bağlı fikir və təkliflərini də Q. Paşayeva çatdırıblar və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər. Millət vəkili Hunanlar kəndindəki görüşü zamanı ona müraciət edən sakinlərin məsələlərini müvafiq qurumlar qarşısında qaldıracağını bildirib. Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Qənirə Paşayeva şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud insanların ailələrini də ziyarət edib, qayğıları ilə maraqlanıb. “Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir”,- deyən Q. Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.