İlham Əliyev daha 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlham Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.