“Ədəbiyyatın nə olduğunu anlayan elə bir düşüncə yazısına qarşı çıxmazdı...”

“Məsələ burasındadır ki, o gənclər Azərbaycan Yazıçlar Birliyinin rəhbərliyini tənqid edəndə belə mən onların şeirlərini “Ədəbiyyat qəzeti”ndə çap etmişəm. ONN media xəbər verir ki, bunu açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan gənc şair Tural Turanın və Emil Rasimoğlunun onun ünvanına səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib: “Bütün gənclərin, o cümlədən, bu gün “Ədəbiyyat qəzeti”nin ünvanına ədalətsiz fikirlər səsləndirən bu iki gəncin yazıları “Ədəbiyyat qəzeti”ndə ardıcıl dərc olunub. Qaldı ki, Hacı Şahinin çap etdiyimiz “Xilasedici mədəniyyət faktı – oruc” yazısına, mən nəyi çap etdiyimi yaxşı bilirəm və burda kimsə bizə məsləhət vermək, yol göstərmək iddiasında olmasın. Hacı Şahinin essesi Ramazanla bağlı yazılmış gözəl bir essedir. Qəzetin həmin sayı Ramazan bayramına düşdüyünə görə o yazını Hacı Şahinə özüm sifariş vermişəm. Çünki Hacı Şahinin teoloji düşüncələri fərqlidir. Milli və modern zəmindədir. Hətta ramazanla bağlı yazısında belə o Bodlyara, Fukoya istinadən söz deyir. Hacı Şahin dünyadakı çağdaş ədəbi-estetik platformaları onun yazısını dərc etdiyimizə görə bizə irad tutan yazarlardan daha yaxşı bilir. Digər tərəfdən, Hacı Şahinin yazısı “Ədəbiyyat qəzeti”ndə niyə çap olunmasın? Tutaq ki, “Literaturnaya qazeta”da XX əsrin din filosoflarının silsilə yazıları dərc olunur. İndi sizcə rus ədəbiyyatı bundan ziyanmı çəkir? Dünya yola düşərkən yol üstündə yatılmaz. Unutmayaq ki, 30 il əvvəl Dalay Lama Nobel mükafatına layiq görülüb. “Ədəbiyat qəzeti”ndə çap olunan yazılara belə yanlış və ziyanlı münasibəti görüb xəfif təbəssüm etməkdən başqa yol qalmır. Bəs görəsən bu adamlar qəzetin həmin sayında Rüstəm Behrudinin tamam əks qütbdən yazılmış essesinə niyə münasibət bildirmirlər? Niyə məhz Hacı Şahinin yazısına münasibətdə tolerant olmağı bacarmırlar? Azərbaycanın gənc yazıçıları düşüncə və erudit baxımından dünya ədəbiyyatına, proseslərə, platformalara daha aktiv, daha yaradıcı inteqrasiya etməlidir. Mənim istəyim budur. Əlbəttə, buna cəhd edən çox istedadlı gənclərimiz var və “Ədəbiyyat qəzeti” həmin gənclərin doğma ocağıdır. Məsələ burasındadır ki, mənim istefamı tələb edənlər bir az əvvəl Anarın da istefasını tələb etmişdilər. Özləri unudubsa xatırladım ki, bu iki gənc “Ədəbiyyat qəzeti”ndə yaşıdlarından daha çox çap olunub. Və hətta Anarın istefasını tələb etdikləri vaxtlarda da onlara qəzetdə heç bir embarqo-filan qoyulmayıb. Onları çap etdiyimə görə Anar müəllimin “Ədəbiyyat qəzeti”nə, şəxsən mənə heç bir iradı olmayıb. Heç olmasa, bu məqama hörmətlə yanaşmaq lazım idi. Hə, o ki, qaldı İsa Muğanna, Vaqif Səmədoğlu məsələsinə, burda məncə, bir qədər ehtiyatlı olaq. Siz İsa Muğanna, Vaqif Səmədoğlu olmağı bacarın, mən də sizin mətnləri sevə-sevə qəbul edim. Elə iradlarınızı da. Qeyd edək ki, gənc yazarlar Tural Turan və Emil Rasimoğlu “Ədəbiyyat qəzeti”ndə onların əsərlərinə embarqo qoyulduğunu iddia edərək, qəzetin baş redaktoru Azər Turanın fəaliyyətini tənqid ediblər.(Moderator.az)