Bakı bu ölkələri beynəlxalq məhkəməyə verə bilər

Dinc etiraz və nümayiş keçirmək haqqı bütün sivil ölkələrin konstitusiyasında nəzərədə tutulub. Hansısa qruplaşmalar, diaspor nümayəndələri və ya sadə vətəndaşların dinc nümayişlərin keçirilməsinə mane olmağa haqları yoxdur. Müvafiq hüquq-mühafizə orqanları ehtiyac yaranacağı halda təhlükəsizliyi təmin etməyə və dəstək göstərməyə borcludurlar. Buna görə beynəlxalq hüquq baxımından bəzi ölkələrdə azərbaycanlıların dinc etirazlarına erməni millətçilərinin hücumu bağışlanılmaz aqressiyadır. ONN media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycandakı Rus İcmasının sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının müşaviri Anastasiya Lavrina deyib. Onun sözlərinə görə, ermənilər özlərini o qədər cəzasız hiss edirlər ki, yad ölkədə belə qanunları rahatlıqla pozurlar. A.Lavrina qanuni ölçü götürülməyəcəyi təqdirdə ermənilərin daha böyük iğtişaşlara yol verəcəyini bildirib: “Bəzi erməni diaspor birliklərinin terrorçu kimliyi çoxdan hamıya bəllidir. Son zamanlar Ermənistanın millətçi qüvvələrinin nümayəndələri Avropa və ABŞ-da aktivləşiblər. Bizim həmvətənlərimizə hücum edənlər arasında ASALA terror təşkilatının üzvü olanlar da vardı. Avropa ölkələri və ABŞ-ın hüquq-mühafizə orqanları üçün bu təşkilatın pərəstişkarlarının aqressiv hərəkətləri xəbərdarlıq olmalıdır”. Lavrina Azərbaycan diplomatik missiyasının situasiyanı nəzarətdə saxladığını bildirib: “Erməni millətçilərinin vəhşi hərəkətlərinə və soydaşlarımıza kütləvi hücumlarına ədalətli hüquqi qiymət verilməsi üçün bizim diplomatlarımız aktiv çalışmalıdır. Əgər hansısa səbəbdən buna göz yumulsa, Azərbaycan bu ölkələri İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında 1965-ci il Konvensiyası və İnsan haqları haqqında 1966-cı il Paktına uyğun olaraq, məsuliyyətə cəlb edə bilər”.