Azad edilmiş ərazilərdə teleradio yayımına başlanılır

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar. ONN media xəbər verir ki, bunu açıqlamasında MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib. Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayım üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub: “Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün ölkə radio və televiziyaları orada yayımlanacaq. Bu da bir az vaxt alacaq”. “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən isə bildirilib ki, yeni avadanlıqlar alınaraq azad edilmiş ərazilərə aparılıb: “Yenidənqurma işləri aparılır. Hər şey yüksək səviyyədə təşkil ediləcək”.