İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib. Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir. Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir. Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər. Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:
- dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi
- stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.