Sahibə Qafarova İvan Korçokla görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb.
Bu barədə parlamentdən məlumat verilib.
İvan Korçok Milli Məclisin sədri ilə görüşdən məmnunluğunu bildirib və Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin mart ayında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırlayan İvan Korçok bu cür səfərlərin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini diqqətə çatdırıb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında uğurlu siyasi münasibətlər digər sahələrdə də əlaqələrin daha da inkişafına imkan verir. Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsində, inteqrasiya proseslərinin sürətləndirilməsində maraqlıdır. Ölkəmiz Avropa İttifaqına üzv olan ölkələrdən biri kimi Slovakiya ilə münasibətlərin inkişafına önəm verir.
Söhbət zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artması üçün müvafiq tədbirlərin görülməsi, "COVİD-19" pandemiyasına qarşı mübarizədə atılan addımlar, post-pandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.