Rusiya qoşunlarının bir hissəsini Ukrayna sərhədindən çıxardır?

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə sərhəddə yerləşdirilən bəzi hərbçilərin təlimləri başa vurduqdan sonra öz bazalarına qayıtdığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenko sərhədi tərk edən əsgərlərin sayını açıqlamayıb.
"Bir sıra döyüş hazırlığı təlimləri planlaşdırıldığı kimi keçdi" - o bildirib.
Bəzi böyük təlimlər, məsələn, fevralın 20-də başa çatacaq Rusiya-Belarus birgə təlimləri hələ də davam edir.
Qeyd edək ki, Rusiya bu günə qədər Ukrayna sərhədinə 100 mindən çox hərbçi yerləşdirsə də, hücum planı ilə bağlı iddiaları rədd edib.
Rusiyanın son addımının Qərbin qorxularını sakitləşdirməyə kifayət edib-etməyəcəyi hələlik məlum deyil. ABŞ Rusiyanın işğalının hər an baş verə biləcəyi barədə xəbərdarlıqlar edir.