TÜRKİYƏ ƏDALƏTİN SİMVOLUDUR! - Türkiyənin 100-cü ili türk dünyası üçün yeni əsrin başlanğıcıdır

TÜRKİYƏ ƏDALƏTİN SİMVOLUDUR! - Türkiyənin 100-cü ili türk dünyası üçün yeni əsrin başlanğıcıdır

Dəyərli soydaşlar!

Bildiyimiz kimi 29 oktyabr Türkiyədə Cümhuriyyət Bayramı kimi qeyd edilir. Bu tarixi gün türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Cənubi Avropanın, Yaxın Şərqin və Şimali Afrikanın böyük hissəsinə hökmranlıq etmiş 700 illik imperiyasının yerində yeni bir sivil dövlət - Türkiyəyə Cümhuriyyəti yarandı və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəldi.

Belə ki, Birinci Dünya müharibəsi (1914-1918) gedişində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Osmanlı dövləti müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə - Sevr anlaşmasını imzalamağa məcbur edilərək 1914-cü ilə qədər olan ərazilərinin dörddəüçünü itirməsi, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülməsi ilə nəticələndi. Sazişə görə Osmanlının əlində indiki Türkiyənin təxminən üçdəbiri qalmışdı. Belə ağır şəraitdə Mustafa Kamal Atatürk Osmanlı ordusunun vətənpərvər zabitləri ilə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı.

30 avqust 1923 -cü il Zəfəri ilə yeni dövlətin quruluşunun təməli qoyuldu. Türkiyə Lozannada yeni beynəlxalq konfransın çağırılmasına Sevr anlaşmasının ləğv edilməsinə nail oldu və ərazisini indiki sərhədlər çərçivəsində təsbit etdi. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları - ingilis hərbi gəmilərini İstanbul ətrafından çıxartmaqla yeni dövrə qədəm qoydu.

1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Hazırda Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km, əhalisi 86 milyondan çoxdur.

Bu il qardaş Türkiyə Cümhuriyyətin 100 illik yubileyi təntənə ilə qeyd edir.

Bu münasibətlə başda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla dövlət və hökumət üzvlərini, müxalifət partiyalarının liderlərini və millət vəkillərini, eyni zamanda bütün dünyada yaşayan türk qardaşlarımı səmimi qəlbdən təbrik edirəm! Türkiyənin 100-cü ili eyni zamanda türk dünyası üçün yeni əsrin başlanğıcıdır.

29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edildiyi gündən dünyada ədalətin bərqərar olmasına, dünya insanlarının hüquq bərabərliyinə nail olmaq üçün daima mübarizə aparmış, insanlığın dəyərini layiqincə qiymətləndirmişdir. Bu gündə dinindən, irqindən, millətindən asılı olmayaraq haqqı tapdalanan bütün insanların ümid məkanına çevrilmişdir.

Türkiyə ədalətin simvoludur!

Azərbaycan-Türkiyə əlaqələri daima tarixi dostluq, qarşılıqlı etimad, səmimi qardaşlıq münasibətləri əsasında qurulmuşdur. Xalqlarımızın eyni soykök, dil, din, mədəniyyət və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər yaşadığımız bu ağır günlərdə, dünyanın üstümüzə gəldiyi məqamlarda öz sözünü dedi. 


Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş dövlətin münasibətləri barəsində belə deyir: “Həm Türkiyə, həm də Azərbaycan tərəfindən vahid siyasət yaradıldı. Atamın böyük bir kəlamı var: “Bir millət, iki dövlət”. Bu sözlər bizim üçün işıqlı yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq hər istiqamət üzrə münasibətləri gücləndirdik. Ona görə də Azərbaycanda Türkiyəyə böyük sevgi-məhəbbət var. Hər zaman belə olub. İkinci Qarabağ müharibəsindən sonra bu, daha gücləndi. Xalq kimin onun yanında olduğu gördü.”

Bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasət keyfiyyətcə yeni müstəviyə keçərək ümumtürk birliyinin yaranmasına ən böyük töhvədir. İnanıram ki, analoqu olmayan bu münasibətlər yeni qurulan müasir dünyanın geopolitik mənzərəsinə öz müsbət təsirini verəcəkdir.

Bu bayramı türk xalqına bəxş edən Mustafa Kamal Atatürk və bütün silahdaşlarını dərin hörmətlə anırıq!

Bir daha bayramımız mübarək!

Geri qayıt