Zərərli olan dondurmalar hələ də satışdadır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.
ONN media xəbər verir ki, məsələ ilə bağlı Agentlikdən APA-nın sorğusuna cavab olaraq bununla bağlı hazırda proses davam etdirildiyi bildirilib:
"AQTA-nın sözügedən məlumatında konkret istehsal tarixli məhsul partiyasından söhbət gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses gedir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq".
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.
Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.