Mobil operatorların özbaşınalığı - Müştərilər nə etməlidir...

Mobil operatorların özbaşınalığı - Müştərilər nə etməlidir...

Bəzən mobil operatorlar özümüzün belə xəbəri olmadan mobil nömrəmizi müxtəlif tariflərə əlavə edir və balansımızdan müəyyən məbləğin silinməsinə səbəb olurlar. Buna qarşı necə mübarizə aparılmalıdır? Bu kimi hallarda vətəndaşın hüququ necə müdafiə olunur?

Mövzu ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə bildirib ki, əvvəla vətəndaşlar mobil operatora qoşularkən bağladıqları müqaviləyə fikir verməlidirlər:

“Bəzən vətəndaşlar müəyyən problemlərlə bağlı şikayət edirlər, lakin bağladıqları N saylı müqaviləyə baxdıqda görürük ki, şəxs etdiyi şikayətlə bağlı məsələni ən əvvəldən imzası ilə təsdiq edib və razılaşıb. Bilirik ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Təbii ki, yuxarıda qeyd etdiyimiz müqavilə də bir əqddir. Yəni mobil operator tərəfindən müqavilədənkənar, şəxsin iradə ifadəsinə uyğun olmayan hər bir hərəkət və ya hərəkətsizlik qanunvericiliyə də ziddir”.

C.Qasımzadənin sözlərinə görə, vətəndaşlar bənzər hallarla qarşılaşdıqda və mobil operatorlar tərəfindən problem aradan qaldırılmadıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər:

“Həm də Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2024-cü il tarixli əmri ilə sözügedən Xidmət Naziriliyin Tabeliyindən çıxaraq Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olaraq fəaliyyət göstərəcək. Yəni vətəndaşların şikayətlərinə daha operativ şəkildə reaksiya veriləcək”.//modern.az

Geri qayıt