Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsində canlanma var

Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsində canlanma var


Ötən ilin sonundan və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır.

ONN media xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, həm beynəlxalq təşkilatların, həmsədr ölkələrin, həm də Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə, məsələnin ölü nöqtədən tərpənməsinə əsas verirdisə, problemi həll etmək yolunda gücümüzün artması, bəzi dairələrin səylərini artırmaq cəhdləri barədə düşünməyə vadar edir.

B.Muradovanın sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb, bu, ardıcıl məqsədyönlü siyasətdir: “Hətta əksini söyləyənlər də bunu görür. Lakin onların məqsədləri gündəmi dəyişmək, bizi qarşımızda dayanan məqsədlərdən yayındırmaqdır. Ona görə biz bu səyləri göz önünə alaraq, diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Bütün həmkarlarımızı beynəlxalq hüquq çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda, Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında vahid məqsəd olan Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesini irəliyə aparmağa çağırıram".

Millət vəkili hesab edir ki, bütün məqamlarda məqsəd məhz bu olmalıdır: "Heç bir məqamda bizi bu niyyətdən yayındıran dairələrin cəhdlərinə uymamalı, məqsədimizi bu istiqamətə yönəltməliyik. Hesab edirəm ki, Azərbaycanın artan gücü bu dairələri narahat edən məsələləri gündəmə gətirməyə vadar edir".

Geri qayıt