“Parlamentdəki çıxışımı radikal çağırış kimi qəbul etməyin” - Deputat bəyanat yaydı

Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentdəki çıxışı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi. Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim”. Deputat Aydın Mirzəzadə Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olduğunu vurğulayıb: “Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olmuşam və parlamentdəki çıxışımı radikal çağırış kimi qəbul edilməməyimi xahiş edirəm. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prinsipial siyasətini dəstəkləyirəm və onu dövrün tələblərinə cavab verən ən düzgün siyasət hesab edirəm”.(qafqazinfo.az)