Məmurun bayramqabağı Çadır sevdası –Cavid İSMAYIL yazır

Bir neçə gün öncə Nərimanov metrosunun çıxışında 5-6 ağ çadırın
qurulduğunun şahidi oldum.

Əvvəlcə düşündüm ki, yəqin 31 dekabr Dünya Azərbaycanlılarının
həmrəylik günü və yeni təqvim ilinin dəyişməsilə bağlı müvafiq icra
strukturları cənab Prezidentin səsinə səs verərək insanların rifahını düşünüblər
və bayramqabağı xüsusi yarmarka təşkil ediblər.

 Doğrusu çox sevindim. Sevindim ki, respublikada aparılan islahatlar fonunda, məlum Akstafa və Yevlax hadisələrindən sonra bir çox məmur qəflət yuxusundan oyanıb.

Elə bu gün iş elə alındı ki, həmin ərazidən keçəsi oldum. Xəyallarımda
az qala “Kitabi Dədə Qorqud”dakı ağ cadır kimi canlandırdığım o ağ cadırlara
tərəf iti addımlarla istiqamət almağa başladım. Gedə-gedə sevinərək düşündüm
ki, bir tərəfdən il boyu gecəli gündüzlü,
şaxtalı-qarlı günlərdə min əzabla əkib, becərdiyi məhsulu ucuz qiymətə
möhtəkirlərə satmağa məcbur olan zəhmətkeş kənd insanlarımız məhsullarını bir neçə gün ərzində birbaşa istehlakçıya satacaq, digər tərəfdən isə
sevinirdim ki, insanlarımız ortada möhtəkir olmadan Allahın bəxş etdiyi
nemətləri daha ucuz qiymətə alacaq və bayram süfrələrini daha ürəkli açacaqlar.
Eyni zamanda, zənnimcə, ən əsası, respublikada aparılan son islahatlar fonunda
belə yarmarkaların təşkili, dövlətinin bir daha vətəndaşa qayğısını göstərmək
və yerli məmurların cənab prezidentin çağırışına qoşularaq xalqın əsl
xidmətçisi olduğunu hiss etdirmək olardı.

Əlqərəz. Həmin meydana daxil olarkən
gördüm ki, çadırlarda xəyalımda canlandırdığım kənd təsərrüfatı məhsulları
deyil, süni şam ağacı və ona aid aksesuarlar satılır.
Elə bilin ki, həmin an xəyallar aləminə daldığım yuxudan məni kimsə
dümsükləyərək oyatdı.

Yerində bir sual yarandı
məndə; Şam ağacı və müxtəlif aksesuarların satılması da lazımdır, doğrudur. Zalımoğlu,
bəs insafınız olsun, 5-6 çadırın hamısında da  yox ki. Allahınız olsun!

Cənab prezident İlham Əliyev
hər fürsətdə xalqın xidmətçisi olduğunu bəyan edir və əməlində onu göstərsə də,
hələ bir sıra məmurlar xalqa xidmət etməyi həzm edə bilmirlər.

Elə bu arada, Bakı şəhərinin
keçmiş meri Hacıbala Abutalıbovun yolüstü antisanitar şəkildə, insanların
gəliş-gedişinə mane olan, binaların keçidlərini zəbt edən qanunsuz küçə ticarət
“toçkaları” yenidən qayıdıb. Və bəla burasındadır ki, həmin
“toçkalar” yenə də möhtəkirlərə aiddir. Olmazmı ki, daimi işlək
yarmarkalar təşkil edəsiniz, insanlar öz məhsullarını orada satışa çıxara? Niyə
bəziləriniz hələ də ölkə rəhbərinin səsinə səs verib xalqa xidmət etmirsiz?!

Bakı şəhər İcra Hakimiyyəti,
rayon icra hakimiyyətlərinin rəhbərləri, bəlkə səhv deyirəm?
 Olmazmı ki, həftənin müəyyən günlərində
daimi fəaliyyət göstərən yarmarkalar təşkil edilə? Orda möhtəkirlər deyi,
insanlar öz məhsullarını satışı çıxara? Olmazmı ki, evdar ana-bacılarımız, əlil
olan vətəndaşlarımız üçün stimul yaradaq, onlar öz əl işlərini həmin
yarmarkalarda satışa çıxara?

Bu deyilmi, xalqa xidmətin bir növü? 

Elə bu arada, piyada keçidinə yaxınlaşıb yolu keçmək istəyirdim, gözüm
yol nişanına sataşdı. Bahooo…. Mexaniki olaraq sosial şəbəkələrdə ona
xərclənən vəsaitin qiyməti yadıma düşdü. Adam o nişanlardan gözünü belə çəkmək
istəmir. Bu barədə dəqiqləşdirib növbəti yazımda qeyd edəcəm.

Hələlik bu qədər.

Hörmətlə, Cavid İsmayıl