7 yanvar Mirəli Qaşqayın doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

7 yanvar geologiya-mineralogiya elmləri doktoru, professor, akademik, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, uzun müddət Azərbaycan SSR EA akademik katibi olmuş Mirəli Seyidəli oğlu Qaşqayın doğulduğu gündür.

Mirəli Qaşqay 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə
Gəncə gimnaziyasında oxuyub, 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun
(indiki Azərbaycan Texniki Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil
olub, 1930-cu ildə Zəylik alunit yatağının geoloji-kəşfiyyat işlərinə rəhbərlik
edib, 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Petroqrafiya
İnstitutunun (Sankt-Peterburq) aspiranturasında təhsil alıb. Moskva şəhərində
SSRİ Elmlər Akademiyası Geologiya Elmləri İnstitutunun ixtisas komissiyasının
iclasında “İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi
səciyyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Görkəmli alim Azərbaycanın bir çox bölgələrində geniş
geoloji tədqiqat işləri aparıb, filiz və qeyri-filiz faydalı qazıntı
yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox
əsərləri, o cümlədən “Dünya alunit yataqlarının tədqiqi” ikicildlik
əsəri ölkə geoloq-mineroloqlarının masaüstü kitabına çevrilib.

Akademik Mirəli Qaşqay filiz
əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O,
nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi.

Mirəli Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun təsisçilərindən
biri olub. Onun təşəbbüsü və köməyi ilə Azərbaycan Dövlət Universitetində
(indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsi, petroqrafiya,
mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar
muzeyi yaradılıb. Uzun illər ərzində M.Qaşqay Geologiya İnstitutunda filiz
yataqlarının geokimyası və mineralokimyası şöbəsinə rəhbərlik edib və böyük bir
məktəb yaradıb.

Mirəli Qaşqay 1942-ci ildə “Azərbaycanın əsas və ultrahəssas
süxurları sahəsində mineraloji-petroqrafik tədqiqatlar” adlı doktorluq
dissertasiyası müdafiə edib. O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının
(EA) həqiqi üzvü və birinci akademik-katibi vəzifəsinə seçilib, 1946-cı ildə
Azərbaycan Dövlət Universitetinin professoru olub.

Görkəmli alim Britaniya, İrlandiya və ABŞ mineralogiya
cəmiyyətlərinin həqiqi üzvü seçilib. O, 1967-ci ildə sovet nümayəndə heyətinin
tərkibində Paquoş Sülh Konfransının işində iştirak edib. Onun “Yeraltı
sərvətlərin vəhşicəsinə istismarı haqqında” və “Ərəb şərqi və onun
təbii sərvətləri” mövzularında çıxışları o dövrün tərəqqipərvər
dairələrində böyük marağa səbəb olub.

M.Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xaricdə
geniş qeyd edilib. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ,
Yaponiya, Kanada və başqa ölkələrdə çap olunub, adı görkəmli alim kimi bir çox
ölkələrin ensiklopediya və məlumat kitablarına (“Kim kimdir” –
Avstriya, “Kim kimdir” – ABŞ, Çikaqo) daxil edilib.

Alim Azərbaycanın hidrokimyəvi
rayonlaşdırılmasının əsas prinsiplərini işləyib hazırlayıb və respublikanın
bütün ərazisi üzrə beş min metrədək dərinlik istiliyinin yayılma qanunauyğunluqlarını
əks etdirən orijinal “Azərbaycanın geotermik xəritəsi”ni tərtib edib.

Onun “Zəylik yatağında alunitləşmə və
kaolinləşmə”, “Azərbaycanın əsas və ultrahəssas süxurları”,
“Azərbaycanın mineral qaynaqları”, “Tərtər çayının yuxarı
axarının geologiyası”, “Şuşa rayonunun geoloji-petroqrafik
xarakteristikası, mineral qaynaqları və faydalı qazıntıları”,
“Listve-nitlər, onların genezisi və təsnifatı” və başqa fundamental
əsərləri keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə yaxşı məlum idi. Alim
yeddicildlik “Azərbaycan geologiyası” nəşrinin tərtibatçılarından
biri olub.

Akademik M.Qaşqayın rəhbərliyi altında geologiya
elminin müxtəlif istiqamətləri üzrə 60 namizədlik və 10-dan çox doktorluq
dissertasiyası müdafiə edilib.

M.Qaşqay keçmiş Sovet İttifaqında Ümumittifaq
Mineralogiya Cəmiyyətinin fəxri və həqiqi, Lvov Geologiya Cəmiyyətinin, SSRİ EA
Yer Elmləri Bölməsinin nəzdindəki Petroqrafiya Komitəsinin üzvü seçilib. O,
“Azərbaycan Sovet Ensiklopediyası” baş redaksiyasının, Terminologiya
Komitəsinin, “Sovet geologiyası” və “Azərbaycan SSR EA-nın
Xəbərləri” (Yer elmləri seriyası) jurnallarının redaksiya heyətinin üzvü
olub.

Görkəmli alim iki dəfə (1945-1962-ci, 1967-1974-cü
illərdə) Azərbaycan EA-nın akademik-katibi seçilib.

Tanınmış geoloq Mirəli Qaşqay 1977-ci il aprelin 23-də Bakı şəhərində vəfat edib,
Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin.