11 fevral Möhsün Sənaninin vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq!

11 fevral ( 1900 – 1981) görkəmli Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti, unudulmaz sənətkar Möhsün Sadıq oğlu Cəfərovun – Möhsün Sənaninin vəfat etdiyi gündür.

Möhsün Sənani 1900-cü il iyunun
19-da Tiflisin Şeytanbazar məhəlləsində anadan olub.

O, valideynlərini çox erkən itirib və nənəsinin himayəsinə
keçib. 1906-cı ildən mədrəsədə təhsil almağa başlayıb. 1908-ci ildə nənəsi də
dünyasını dəyişib və xalası Zinyətin evinə gəlib.

Xalq artisti Əli Qurbanovun anası
olan Zinyət xanım da çox kasıb dolandığından Möhsün 1909-cu ildən Şeytanbazarda
gündəlik çörəkpulu qazanmaq üçün müxtəlif buyruqlara gedir, hər cür ağır işin
qulpundan yapışırdı.

Şirin və məlahətli səsi olan Möhsün Sənani 1911-ci ildə Məhərrəmlik
ayında göstərilən şəbih tamaşalarında “Qasım otağı” epizodunda çıxış edib.
“Hicaz” muğamı üstündə oxuduğu mərsiyə-qəsidənin xoş sədası məhəlləyə yayılıb.
Tiflis şəhərində azərbaycanlıların həvəskar teatr truppasının məşhur aktyoru
Mirzəxan Quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edib.

1914-cü ilin axırlarında aktyorluğa
ciddi maraq göstərən Möhsün Sənani taleyini ömürlük səhnə sənətinə bağlayıb. Səhnə
fəaliyyətinə 1915-ci ildə Tiflis Müsəlman Teatr truppasında başlayıb.

1915-1919-cu illər arasında Tiflisdə azərbaycanlı teatr həvəskarlarının
oynadıqları tamaşalarda iştirak edən Möhsün Sənani 1919-cu ildə Bakıya gəlib.
Bir müddət həvəskar aktyor kimi çıxış edib və sonra dövlət teatrının truppasına
qəbul olunub. 1921-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində bir sıra
komik, dramatik obrazlar yaradıb. Möhsün Sənani Milli Dram Teatrında işləməklə
yanaşı, 1927-1930-cu illərdə Bakı Türk İşçi Teatrında hazırlanan bir sıra
tamaşalarda da oynayıb.

Klassik aktyor məktəbinin əvəzsiz
ifaçısı Möhsün Sənani geniş diapazonlu rolların ifaçısı kimi tanınıb. Gur səsə,
coşqun temperamentə malik sənətkarın yaratdığı obrazlar emosionallığı ilə diqqəti
cəlb edib. Qumuq teatrının yaranmasında mühüm xidməti var. Laert (Hamlet, V.Şekspir),
Kassiol (Otello, V.Şekspir), Serqo (Şeyx Sənan, H.Cavid), Mixaylo (Uzaq sahillərdə,
H.Seyidbəyli və İ.Qasımov), Sadiq (Xoşbəxtlər, S.Rəhman), Həsənağa (Göz həkimi,
İ.Səfərli) kimi rolların ifaçısı olub.

Kino sahəsində isə “Bəxtiyar”
(film, 1942), “Bir məhəllədən iki nəfər” (film, 1957), “Bismillah” (film,
1925), “Bizim küçə” (film, 1961), “Dağlarda döyüş” (film, 1967), “Fətəli xan”
(film, 1947) və digər filmlərdə rol alıb.

Möhsün Sənani Rusiya istehsalı olan “Ulduz” filmində (  rejissor: Aleksandr İvanov, Lenfilm, 1949) də çəkilib.

Allah rəhmət eləsin.