Rusiya Ermənistan-İran sərhəddində yeni postlar qurur- NƏ BAŞ VERİR?

“Ermənistanın İranla sərhədində tədbirlər gücləndirilib, bir neçə modul tipli post quraşdırılıb”.

ONN media xəbər verir ki, məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi tərəfindən təsdiqlənib
Bildirilib ki, buna səbəb son vaxtlar İrandan Ermənistana narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) qanunsuz keçirilməsi cəhdlərinin artmasıdır.

Bundan əvvəl Mehri icmasının rəhbəri Baqrat Zakaryan əlavə beş modul məntəqəsinin quraşdırıldığını açıqlayıb. O qeyd edib ki, məntəqələr təxminən 8-9 ay əvvəl inşa edilib.

Rusiya FTX-nin sərhəd idarəsi ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən dövlət sərhədinin pozulması hallarını qeydə alıb. Belə ki, 2021-ci ildə Mehri sərhəd dəstəsinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri İrandan qanunsuz keçən iki nəfəri silah, qumbara və külli miqdarda döyüş sursatı ilə saxlayıblar.

Qeyd edək ki, dövlətlərarası saziş çərçivəsində Ermənistanın Türkiyə və İranla dövlət sərhədinin mühafizəsi ilə Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi məşğul olur.