ONN İnformasiya Agentliyi

31 il sonra nəşi tapılan Milli Qəhrəman kimdir? 

31 il sonra nəşi tapılan Milli Qəhrəman kimdir? 
18 Sentyabr 2023 - 11:44

Xəbər verdiyimiz kimi, itkin düşmüş daha 10 nəfərin taleyi müəyyənləşib, onlardan biri Milli Qəhrəman Riad Əhmədovdur.

ONN media xəbər verir ki, Əhmədov Riad Fikrət oğlu 1956-cı ilin bu günü Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda işləyib. 1979-1981-ci illərdə nazirlikdə çalışıb.

1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan R.Əhmədov, daha sonra təhsillə bağlı Minskə yollanıb. Azərbaycana qayıtdıqdan sonra – 1992-ci ildə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdamın müdafiəsi uğrunda mübarizə aparıb. 38 əməliyyatdan uğurla çıxan Riad Əhmədov ermənilərin qorxulu yuxusuna çevrilən komandirlərdən biri kimi tanınıb.

Onun Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş isə məşhur Daşaltı əməliyyatı olub. 1992-ci il yanvarın 25-də keçirilən əməliyyatda Azərbaycan Ordusu 90 nəfərdən artıq şəhid verib. Onlarla hərbçimiz itkin düşüb. Əməliyyatda xüsusi təyinatlı dəstənin komandiri olan Riyad Əhmədov da itkin hərbçilərimiz arasında idi.

Riadın atası Fikrət Əhmədov Sovet dövründə uzun illər partiya-sovet işlərində çalışmışdı. Kommunist Partiyası Mərkəzi Komitəsində elm və tədris müəssisələri şöbəsinin müdiri olmuşdu. 1988-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdı. Uzun illər yüksək vəzifələrdə işləmiş Fikrət Əhmədovun oğlu döyüş bölgəsinə getməyə bilərdi. O, atasının vəzifəsindən və nüfuzundan istifadə etməklə özünə rahat həyat yolu seçmədi. Oturaq işlə kabinetdə məşğul olmağı yox, ön cəbhəni seçdi.

Daşaltı əməliyyatı uğursuzluqla nəticələnsə də, Riad Əhmədov və cəbhə yoldaşları əməliyyat zamanı ermənilərin 80-ə yaxın canlı qüvvəsini və bir neçə texnikasını məhv ediblər. Bu onun sonuncu döyüşü olub. Daşaltıdan sonra Riad Əhmədovun nə öldüyünü görən olub, nə də ondan xəbər alan olub. Təəssüf ki, bu günə qədər də Riyad Əhmədovla bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. Onun şərəfli döyüş yolunu əks etdirən “İgidnamə” sənədli, “Qayıt Riad” bədii-sənədli və “İtirdiyimiz qəhrəman” – Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov haqqında film çəkilib.

Riad Əhmədovun 2 övladı yadigar qalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png