Duzdağda kinoteatr yaradılacaq

Duzdağ fizioterapiya mərkəzində kinoteatr, kiçik konfrans zalı, uşaq oyun parkı, duz içərisində restoran, meditasiya ərazisi, SPA salonu, gözəllik mərkəzi, mağaza və duz muzeyi yaradılacaq.

ONN media xəbər verir ki, bunu Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov media nümayəndələri ilə görüşündə deyib.

S.Sadıxov bildirib ki, mərkəzdə eyni zamanda duzun üstündə ayaqla yerimək üçün cığırların yaradılması ilə bağlı layihələndirmə işlərinə də başlanılıb: “Növbəti ilin əvvəlində bu prosesin həyata keçirilməsi ilə əlaqədar tender elan olunacaq. İlin ortasında bu məsələ həyata keçiriləcək. Bundan başqa, Duzdağın dünya arenasında tanıdılması məqsədilə iki beynəlxalq quruma sertifikat almaq üçün müraciət edilib. Birindən sertifikat alınıb, digəri isə birillik prosesdir. Yəni ildə 4 dəfə üç aydan bir yoxlamalarla proses tam şəkildə həyata keçiriləcək. Bundan sonra Naxçıvanda beynəlxalq əhəmiyyətli pulmonoloq və allerqoloqların konfransı keçirməklə Duzdağın dünyada təbliğinə çalışırıq”.