DYP bayramla əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2023-cü il dekabr ayının 31-dən 2024-cü il yanvar ayının 7-dək ölkədə qeyri-iş günü olması və​ ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli bayram günlərində şəhər əhalisi respublikanın müxtəlif regionlarına səfər edir və bu səbəbdən yollarda nəqliyyatın hərəkət intensivliyi bir qədər də artır. Lakin təəssüflər olsun ki, bəzi sürücülərin tələskənliyi, yollarda müəyyən edilmiş hərəkət sürətin aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

Belə qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına​ sağ-salamat çatması, eləcə də bayramın xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisinin şəxsi heyəti bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin​ Baş Dövlət Yol Polisi İdarəsi​ bir daha bütün hərəkət iştirakçılarına, xüsusilə də işğaldan azad olunmuş rayonlara ilk dəfə gedən sürücülərə yollarda son dərəcə diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyi,​ yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, mövcud hava şəraitini və yolun dağlıq relyefdən keçməsini nəzərə alaraq, enişli ərazilərdə daha çox avtomatik transmissiyalı avtomobillərdə “tiptronik” funksiyasından, mexaniki transmissiyalı nəqliyyat vasitələrində isə aşağısürətli ötürücülərdən istifadə etməyi tövsiyə edir, eləcə də hər bir hərəkət iştirakçısını özünün və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.