Füzuliyə daha 30 ailə yol salındı

Bu gün Füzuli şəhərinə növbəti köç başlayıb.

ONN media xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”-də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınıb.

Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Yanvarın 24-də ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub.

Bununla da 470-ə yaxın ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin olunub.