Messi üzr videosu yaydı- SƏBƏB NƏDİR?

Amerikanın “İnter Mayami” klubunun ulduz hücumçusu Lionel Messi kamera qarşısında çinli azarkeşlərdən üzr istəyib.

ONN media xəbər verir ki, Çin mediası və rəsmiləri 36 yaşlı Leonun zədə saxtakarlığından şübhələniblər. Fevralın 4-də Messi zədə səbəbindən Honkonqda yoldaşlıq oyununda iştirak etməyib. Baxmayaraq ki, matçla bağlı müqavilə imzalanarkən Messinin meydana çıxması şərtlərdən biri olub.

Bundan 3 gün sonra Lionel Yaponiyada “Vissel Kobe” ilə yoxlama oyununda meydanda olub. Bu addım çinliləri qəzəbləndirib. Onu siyasi addımlar atmaqda günahkar hesab ediblər. Messi Çinin “Weibo” sosial şəbəkəsində üzrxahlıq videosunu yaymaq məcburiyyətində qalıb:

“Honkonqdakı matçdan sonra baş verənlər haqda çox oxudum və dinlədim. Ona görə də real izahat vermək və saxta xəbərlərin qarşısını almaq üçün bu videonu çəkmək istədim.

Hamının bildiyi kimi, mən həmişə hər matçda oynamaq istəyirəm. Eşitdim ki, siyasətə və başqa bir çox şeylərə görə bu dəfə oynamaq istəmədiyim iddia edilir. Əgər bu, həqiqətən də belə olsaydı, karyeramda dəfələrlə etdiyim kimi Yaponiyaya və ya Çinə səyahət etməzdim.

Çinlə həmişə çox yaxşı münasibətim olub. Mən bu ölkə üçün çox şey etmişəm – müsahibələr, yoldaşlıq oyunları, “Barselona” və Argentina millisi ilə müxtəlif tədbirlər. Mətbuat konfransı zamanı dediyim kimi idi hər şey. Əzələ iltihabım var idi və oynaya bilmirdim. Bunu Səudiyyə Ərəbistanındakı ilk oyunumuzda hiss etdim, ikincidə oynamağa çalışdım, amma daha da pisləşdi.

Bir gün əvvəl bütün bu insanlarla komandaya yaxın olmaq üçün məşqlərdə iştirak etməyə çalışdım. Əlimdən gələni etdim, amma həqiqətən də özümü narahat hiss etdiyim üçün oynaya bilmədim.

Bir neçə gün keçdi və özümü bir az daha yaxşı hiss etdim, ona görə də fiziki cəhətdən təkmilləşməyə davam etmək və mövsümə hazırlaşmaq üçün Yaponiyada yoldaşlıq oyununda bir neçə dəqiqəlik meydana çıxdım. Ritmimi bərpa etmək üçün oynamalı idim.

Bunu əvvəllər də demişəm, amma bütün bu söz-söhbətlərdən sonra bunu təkrar etməyi vacib hesab edirəm. Mən Çin xalqına sevgimi bildirmək istəyirəm, bu hissi həmişə hiss etmişəm. Ümid edirəm ki, tezliklə bir-birimizi görəcəyik