ONN İnformasiya Agentliyi

Tanınmış iqtisadçı alim İsa Alıyev vəfat edib

Tanınmış iqtisadçı alim İsa Alıyev vəfat edib
10 Mart 2024 - 16:24

ONN media xəbər verir ki, tanınmış iqtisadçı alim, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri iqtisad elmləri doktoru, professor İsa Hüseyn oğlu Alıyev martın 9-da dünyasını dəyişib.

İsa Alıyev 1953-cü il oktyabrın 8-də Dərələyəz rayonunun Qalaser kəndində anadan olub. Orta məktəbi 1970-ci ildə bitirib, 1970-75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” ixtisasına qəbul olub və oranı bitirib. 1975-ci ildə əyani aspiranturaya qəbul olub, 1976-77-ci illərdə ordu sıralarında hərbi xidmətdə qulluq edib.

1982-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda “Aqrar sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi” adlı siyasi iqtisad ixtisası üzrə namizədlik, 2005-ci ildə “Azərbaycanda aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi” adlı doktorluq dissertasiyasını müdafiə edib. “İqtisadiyyat nəzəriyyəsi” ixtisası üzrə professor elmi adını alıb.

İ.Alıyev 2008-2014-cü illərdə İqtisadiyyat İnstitutunun direktoru işləyib. O aqrar sahə üzrə ölkənin tanınmış iqtisadçı alimlərindən idi. Uzun illər İqtisadiyyat İnstitutunun aqrar elminin inkişafı problemləri ilə məşğul olan şöbəsinə rəhbərlik etmişdir. 40-dan çox beynəlxalq və 100-dən çox respublika miqyaslı elmi tədbirlərin iştirakçısı olmuşdur. Ümumilikdə 300-dən çox elmi işin, o cümlədən aqrar elmi ilə bağlı monoqrafiyaların, kitabların müəllifi idi. 40-dan artıq müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyasına rəhbərlik etmişdir.

İ.Aliyev 2011-ci ildə Avropa Biznes Assambleyasının (EBA) Ekspertlər Şurası tərəfindən “İlin ən yaxşı top-meneceri”, 2012-ci ildə “Elmdə ad” fəxri adına, 2013-cü ildə isə Beynəlxalq Sokrat Mükafatına layiq görülüb. Alim Avrasiya Beynəlxalq İqtisadçılar İttifaqının yaradıcılarından biri, Avropa Təbiət Elmləri Akademiyasının üzvü idi. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Tanınmış alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png