Ukrayna ordumuzun taktikasını təqdim edir

Rusiyanın dərinliyindəki hədəflərə zərbələr endirmək üçün Ukrayna idman təyyarəsini uzaqmənzilli kamikadze PUA-lara çevirib.

ONN media xəbər verir ki, bu barədə “Forbes” Rusiyanın dərinliklərində belə qurğulardan birinin düşməsi ilə bağlı məlumatı təhlil edərək yazıb.

Rus təbliğatçısı tərəfindən bu həftə yayımlanan fotoda qəzaya uğrayan yüngül təyyarənin Rusiya tarlasında olduğu görünür. Bu, çevrilmiş “Skyranger Nynja”dır.

“Nynja” forma, ölçü və performans baxımından Ukraynanın digər idman təyyarəsi “Aeroprakt” A-22 ilə oxşardır. Aprelin 2-də A-22-yə əsaslanan və partlayıcılarla yüklənmiş ən azı bir pilotsuz təyyarə Ukrayna sərhədindən 1200 kilometr aralıda Alabuqa xüsusi iqtisadi zonasının sənaye şəhərciyinə düşüb. Orada Rusiya hərbçiləri üçün “Şahid” dronları yığılır.

“Qəzaya uğrayan “Nynja”nın operatora şəkil təqdim edən videokamera ilə təchiz edildiyi görünür. Rabitə, görünür, peyk vasitəsilə təmin edilir. Avtonom naviqasiya çox güman ki, GPS sistemindən istifadə etməklə həyata keçirilir. Qəzaya uğrayan “Nynja”nın altına FAB-100 yüngül bombası bərkidilib”, – məqalədə bildirilib.

Qeyd edək ki, yüngülmotorlu təyyarədən (An-2) PUA kimi istifadə taktikası Azərbaycan Ordusuna məxsusdur. Azərbaycan Ordusu 44 günlük savaşın ilk günlərində PUA-ya çevrilən An-2-ləri hədəf alan düşmən HHM sistemlərinin yerini müəyyən edərək, onları məhv etmiş və qısa müddətdə bütün səmanı nəzarətə götürmüşdü.