Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək

Mayın 4-5-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək.

Bu barədə “Azərxalça” ASC məlumat yayıb.

Məlumata görə, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirli gözəlliyinə bürünəcək.

Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliyin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça”nın ölkənin 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim ediləcək. Həmçinin Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.