ONN İnformasiya Agentliyi

Biz abır-həyanı Ondan öyrənmişik – Züleyxa Nadir yazır

Biz abır-həyanı Ondan öyrənmişik – Züleyxa Nadir yazır
18 May 2024 - 13:03

Züleyxa NADİR

Dünyanın düz vaxtları idi. Taleyimizə xoşbəxtliyimizin rəngarəngliyi hopmuşdu. Sözün həqiqi mənasında bəxtəvər idik. Dərdimiz – sərimiz yox idi, sevinclə, təbəssümlə qolboyun yaşayırdıq. Kədərin nə olduğunu elə də kəsdirə bilmirdik, ya da görmürdük, buxar olub göyə çıxmışdı. Necə deyərlər, gəncliyimizin şən və mənalı günlərini yaşayırdıq. Dünya gözümüzü al-əlvan rəngləri ilə qamaşdırırdı. Nə Qarabağ dərdimiz var idi, nə şəhidləri torpağa vermişdik, nə də karantin günlərinin “işgəncəsini” yaşayırdıq.

Tələbə idik, universitetdə oxuyurduq. Çox gözəl müəllimlərimiz var idi. Sadaladığım faktorlarda onların rolu danılmaz idi. Çox sevirdik müəllimlərimizi. Birini o birindən lap az, cüzi əməli, xasiyyəti ilə ayırırdıq. Bütövlükdə bizim üçün jurnalistikanın müəllimləri və digər əməkdaşları ata, dost, qardaş, ana, bacı idilər – Nəsir İmanquliyevdən tutmuş bufetçi Zeynəb xalaya qədər sözümüzü deyə bilir, hətta sirrimizi də paylaşırdıq. Fakültəmizin müəllimləri dünyanın ən gözəl müəllimləri idi – biz belə düşünürdük, bizim gözümüzdə çox ucada idilər. İllər keçib aradan, bu gün də eyni düşünürəm: müəllimlərimizin tayı-bərabəri olmayıb, olmayacaq da. Seyfulla müəllim, Tofiq müəllim, böyük Nəsir müəllim, gənc Nəsir müəllim, Əliş müəllim, Qulu müəllim, Yalçın müəllim, Famil müəllim, Cahangir müəllim, Akif müəllim, Mahmud müəllim, Nurəddin müəllim… hər birinin haqqında ayrıca yazı yazmaq bizim boynumuzun borcudu. İnanıram ki, dünyasını dəyişən müəllimlərim behiştlikdilər. Bu gün yaşayan müəllimlərimin də cənnətdə yerləri hazırdı – buna bütün varlığımla inanıram.

Bu yazını sevimli Tofiq müəllimə həsr edirəm – Tofiq Rüstəmova, fakültəmizin dekanına, o böyük KİŞİyə. Ənənəvi bir cümlə ilə onu təsvir etmək istəyirəm: əgər fakültəmizin müəllimlərini çoxlu qaşı olan bir üzüyə bənzətsəm, Tofiq müəllim həmin üzüyün mərkəzindəki ən iri qaşdı. Əminəm ki, bu gün yaşayan müəllimlərim sözümdən inciməzlər. Onlar da təsdiq edərlər ki, Tofiq müəllim bizim üçün olduqca dəyərli insandı, ləyaqətli müəllimdi, böyük şəxsiyyətdi.

Bu gün Tofiq müəllimin doğum günüdü. Yaxşı ki, internet dünyası var, sosial şəbəkədə “oturmuşuq”. Facebook olmasaydı bəlkə də sevimli müəllimimin məhz bu gün doğulduğunu bilməyəcəkdim. Amma bu, o demək deyil ki, mən o gözəl insanı, o böyük şəxsiyyəti tamamilə unutmuşam. Bu, mümkün deyil. Tək mənim üçün yox, onun sağlığında jurnalistika fakültəsində oxuyan bütün tələbələr üçün Tofiq müəllim sadəlik, təmizlik, paklıq mücəssəməsi, əxlaq nümunəsidi. Tofiq müəllim ölməz şəxsiyyətdi. Pafoslu da çıxsa, deməliyəm: o bizim üçün həmişə cavandı, həmişə sağdı.

Doğrusu onun haqqında ilk cümləni necə başlayım, hansı fikri irəli sürüm – dəqiqləşdirə bilmədim. Nə yazsam Tofiq müəllimin şəxsiyyəti qarşısında cox cılız görünəcəyini bilirəm. Haqqında düşündüklərimi sözə cevirmək cox çətindi. İstəyirəm dünyanın ən xoş sözlərini, ən gözəl cümlələrini adı ilə yanaşı yazım. O, buna layiqdi. Mənim müəllimim elə insanlardandı ki, adı çəkiləndə üzümüzdə təbəssüm yaranır, fikrimiz aydınlaşır. Nə qədər qəribə də olsa, hətta utanırıq, abır-həya gözləyirik. Mənə elə gəlir bu an – bu sətirləri yazarkən ruhu başımın üzərindədi, tələbəsinin SÖZ qarşısında aciz qaldığını görür. Mənim əvəzimə utanır, alnında və bığ yerində tər damcıları yaranıb. Biz abır-həyanı Ondan götürmüşük. Nə xoş halımıza ki, Tofiq Rüstəmovun tələbəsi olmuşuq, onu dinləmişik, ondan öyrənmişik.

Üçüncü kursda oxuyurduq. Biləndə ki, Tofiq müəllim dekan seçilib, sevindiyimizdən bimədik onu necə təbrik edək, hansı formada otağına daxil olaq. Utanmasaydıq onu öpərdik. Amma bu mümkün deyildi. Bizdən çox o, utanardı. Üzündə abır-həya, xasiyyətində yüksək əxlaq kök atmış insanları qazandığı uğurlardan dolayı, eləcə də tutduğu vəzifəyə görə təbrik etmək özü bir əxlaq tələb edir. Biz o tələbin qarşısında kiçik görünürdük. Amma həmin əxlaqı özündə ehtiva edən göz yaşları var ki, bunu edən tələbələr oldu. “Tofiq müəllim dekanımız olacaq” xəbərinin sevincindən ağlayan qızlarla yanaşı, oğlanlar da var idi. Bizim 3796-cı qrupun tələbələri həmin sevinci iki il yaşadı. Nə xoş sonrakı tələbələrin halına ki, daha yeddi il Tofiq müəllimin rəhbərliyi altında təhsil aldılar.

Tofiq müəllimin mənim taleyimdən qırmızı xətlə keçən bir əməli var ki, onu uzun illər sirr kimi saxladım. Artıq çevrəmdəkilərin çoxu bilir, indi burda da yaza bilərəm. Dördüncü kursda oxuyurdum. Bir gün əmimgilə getdim və gecəni orda qaldım. Hamı yatmışdı, gecəyarı idi. Evdə böyük radio var idi. Oturdum qarşısında, başladım dalğaları qarışdırmağa. Birdən qəribə bir ləhçədə adımı eşitdim: Züleyha… bir qadın türkcə mahnı oxuyurdu. Adıma yazılmış mahnı idi, özü də həsrətini çəkdiyimiz, “türk” sözünün deyilməsi belə qadağan edilmiş bir dildə oxuyurdu. İlahi, nə gözəl oxuyurdu! Nə qədər şirin idi, sözlərdən və musiqidən bal damırdı. Məni qınamayın. O dövrdə eşitdiyim mahnı mənə başqa cür təsir edə bilməzdi. Sonralar biləcəm ki, “Züleyha” mahnısını oxuyan Neşe Karaböcekmiş.

Aglarım gülenim yok,

Göz yaşım silenim yok,

Giderim bu ellerden,

Dur, gime diyenim yok.

Züleyha, bekletme ha,

Züleyha, aglatma ha,

Züleyha, geç kalma ha,

Züleyham, derdin bana…

Yata bilmədim o gecə. Onda da, indi də sözlə ifadə edə bilməyəcəyim qəribə hisslər keçirdim. Mahnını əzbərlədim. Səhər fakültədə qızlara dedim ki, gecə türkcə “Züleyha” mahnısına qulaq asmışam. Başladım oxumağa. Hər kəs heyrətə gəldi.

Üç gün sonra məni Tofiq müəllim çağırdı. Oxuduğum mahnının hesabını soruşdu. Hardan öyrəndiyimlə maraqlandı. Radiodan eşitdiyimi dedim. Üzündə maraqlı bir ifadə var idi. Dedi ki, bir daha o mahnını dilinə gətirmə, olmaz. Niyəsini soruşanda “olmaz dedimsə, olmaz” deyə sərt formada təpki verdi. Məni ağlamaq tutdu. İstədim deyəm ki, cinayət etmişəm? Amma deyəmi bilərdim? Qarşımdakı adam dünyanın ən gözəl müəllimi, ən gözəl insanı idi. Əks cavab vermək cinayət işlətməyə bərabər idi. Susdum. Ayağa qalxıb qapını açdı, dəhlizə baxıb örtdü. Yavaş səslə dedi ki, sənə töhmət verməyəcəm, amma sən də bu söhbəti heç kimə danışma, ölənə kimi sirr saxla. Gülümsündü…Mən də bir daha “Züleyha”nı başqalarının yanında oxumadım.

Sonralar bildim ki, tələbələrdən biri o zamankı DTK agenti imiş, mənim türk radiosuna qulaq asdığımı, türk mahnısı oxuduğumu xəbər veribmiş. Dövlət Təhlükəsizlik Komitəsi Tofiq müəllimdən tələb edib ki, məni cəzalandırsın. Amma sevimli dekanımın mənə – öz tələbəsinə verdiyi cəza abır-həya çərçivəsindən kənara çıxa bilmədi. Bu, bir möhtəşəmlik idi! Amma tək o hərəkətimi?! Yox, əlbəttə. Oturuşunda-duruşunda, tələbələrlə qurduğu münasibətində, bir ömür sərgilədiyi davranışında möhtəşəm idi, ağayana idi Tofiq müəllim.

Nur içində yat, möhtəşəm insan, sevimli müəllimim!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png