Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimovla vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İlqar Şaiq oğlu Rəhimovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. 

ONN media xəbər verir ki, şəhidin nəşi Göyçay rayonunun Müskürlü kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, İlqar Şaiq oğlu Rəhimov 1973-cü il mayın 13-də Göyçay rayonunun Müskürlü kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. İ.Rəhimov Müskürlü kənd qəbiristanlığında dəfn olunacaq.