Əli Əsədov türkiyəli nazirlə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 30-da Türkiyənin əmək və sosial müdafiə naziri Vədat İşıqxan ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş 11-ci iclasının əhəmiyyəti vurğulandı.

Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkəmizdə aparılan ardıcıl sosial islahatlar barədə məlumat verildi.

Postmüharibə dövründə şəhid ailələri və qazilərə sosial dəstək tədbirləri, o cümlədən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlər müzakirə olundu. Qazilərin müalicəsinə göstərilən dəstəyə görə Türkiyə tərəfinə təşəkkür ifadə edildi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.