ONN İnformasiya Agentliyi

Qəlbi vətən olan şair-Vaqif Məmmədov – Aynur TURAN yazır

Qəlbi vətən olan şair-Vaqif Məmmədov – Aynur TURAN yazır
28 İyun 2024 - 11:58

Vətənə sevgimi aça bilmədim,

     Vətənin başına dolandım gendən.

                             Uca zirvələrdə uça bilmədim.

                        Nə Vətən məndən doydu, nə mən Vətəndən…

     Hər bir sahədə olduğu kimi, ədəbiyyat da   özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, sən şeir, hekayələrində öz fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarmısansa, yazdıqların oxucu tərəfindən dam seviləcək və sən bütün dövrlərin şairi olaraq əbədiyyət qazanacaqsan.

Ədəbiyyatın lirik növünün ən gözəl  janrı, şeir bütün üəyklərə yol tapmağa qadirdir. Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir…   

    Müasir Azərbaycan nəzminin  sevilən imzalarından biri-Vaqif Məmmədov da ürəklərə yol tapan səlis qələm sahiblərindəndir. Onun haqqında danışmaq  bədii sözün sirlərinə bələdlik və zehni intelektuallıq tələb edir. Ədəbiyyatımıza bir sıra dəyərli  əsərlər,  şeir, bayatı, poema və s. və eləcə də,  bədii-publistik üslubda olan yaradıcılıq nümunələri bəxş edən şairin əsas motivi Vətən, yurd eşqi, xeyirxahlıq, alilik və  bütövlükdə insani dəyərləri tərənnüm yüklü əsərlər  bəxş etmiş yazıçının bədii dünyası zənginliyi və təkrarsızlığı ilə diqqəti çəkib. Onun əsərlərində hər şey canlı təsir bağışlayır, inandırıcı görünür,  insanı sehrinə salır, ovsunlayır, vətənə sevgi hissi doğurur. Vaqif Məmmədovun onlarla şeirinə mahnı bəstələnmişdir. Məsuldar yaradıcılıq sahibi Vaqif Məmmədovun qırxdan çox kitabı onun ziyasından və yüksək istedadından və ali təfəkküründən xəbər verir.

     Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü yaradıcı şair Vaqif Məmmədov 1948-ci il iyun ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini (1975) bitirib.

1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur. 2001-ci ildə “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 1996–1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, həmçinin universitetin “Elmi əsərlər” jurnalının redaktoru, “Fikir” jurnalının məsul redaktoru, universitetin “Jurnalistika və dünya ədəbiyyatı”  kafedrasının müəllimi vəzifəsində çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzetinin nəşrə başladığı vaxtdan (22.III. 2000) 2008-ci ilin fevral ayınadək həmin qəzetin redaktoru olmuşdur.

2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. O, 2016-cı ildə vəfat edib.

   Hürriyyət aşiqi, xalqın sevilən şairi Vaqif Məmmədovun keçdiyi  yarpaq-yarpaq şeir dolu ömür yoluna işıq salsaq, görərik ki, o eyni zamanda,  Türk dünyasının birliyi tərəfdarı idi. O, özkökümüzün, Türk kökənli,  Türk-Oğuz elinin, Şaman övladı olduğumuzun fərqində idi.

                 Qaraqalpaq, qaqauz

                 Keçdi ağrılı yolu.

                 Bir ucu İran, İraq,

                 Bir ucu Anadolu,

                 Sinənlə saxlayıbsan

                 Tufanları, selləri

                 Salam, Oğuz elləri!..

                Salam, Oğuz elləri!..

Şair Vaqif Məmmədovun Türk dünyasına xidməti təkcə Türkçülük  mövzusunda yaxşı şeirlər yazmaqla bitmir. O, Türk ədəbiyyatının Azərbaycanda təbliği baxımından da xeyli əmək sərf etmişdir.

   Bəli, Vaqif Məmmədov  həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən əsl şairdir. O, ahəngini Arazdan götürüb, Təbrizəcən yetən şairdir.

                   Heydərbaba, güneyində qar azdı,

                   Nar kolunda çiçək çoxdu, nar azdı,

                  Gözün aydın, körpülənən Arazdı,

                  Naxçıvandan qonaq gəlib Təbrizə.

O, hər dəm Vətənin qəm yükünü çiynində, həsrətini köksündə hiss edirdi. Odlu sevgi ilə bağlı idi Vətənə… Ürəyində Vətən vardı şairin, bəlkə də vətən boyda ürəyi …

        Ürəyimsiz ağlamıram, gülmürəm,

        Hər istəyim ürəyimdə birləşir.

        Böyükmüdür, kiçikmidir bilmirəm,

       Ürəyimə təkcə Vətən yerləşir…

     Amalı aydın, nəfəsi təmiz, nəfsi pak və sözü ilhamla deməyi bacaran Vaqif Məmmədovun, heç şübhəsiz, Azərbaycanın müstəqilliyi uğrunda Vətən sərhədlərində  gedən döyüşlərə, aparılan mübarizəyə həsr olunmuş şeirlərinin uğurlu olmasının bir səbəbi şairin özünün həmin prosesin ön cərgəsində olması ilə  bağlıdır. Bununla belə, onun  hələ keçən əsrin 80-ci  illərində Böyük Vətən Müharibəsi mövzusunda yazdığı çoxsaylı və uğurlu şeirlər onun bu mövzuda ədəbi təcrübə qazanmasına səbəb olmuşdur. Şairin “Berlin vağzalında”, “Xatın qonaq çağırır”, “Bu meşələr”, “41-də poçtalyon qoydular məni” şeirləri ümumən müharibə mövzusunda yazılmış, yaddaqalan, təsirli nümunələrdir. Xüsusən, mətnində “Nədənsə öz adı qara olsa da çoxunun saçını ağ eləyibdir”, yaxud, “Verdiyi xəbərdən xəcalət çəkib, kağız da qaralıb, bəlkə nə bilim?!” və ya “Dönməsə Vətənə qara kağızlar, qara gün Vətəndən dönə bilməzdi”  kimi obrazlı  düşüncələrdən yoğrulmuş  düşündürücü misraları olan “Qara kağız” şeiri  bütövlükdə Vaqif Məmmədovun özünəməxsus poetik istedadını  təsdiqləyən bədii nümunə kimi  mühüm əhəmiyyətə malikdir.  Vaxtilə ədəbi tənqid də  “Qara kağız” şeirinə yüksək dəyər vermişdir. Akademik Bəkir Nəbiyev yazmışdır:  Cəbhədə həlak olmuş Vətən oğulları haqqında müdhiş xəbərləri “qara kağız” adlandırarkən o zaman bəlkə biz bu məsələnin üzdə olan  mənası ilə kifayətlənmiş və niyə belə deyildiyinin fərqinə varmamışıq. Vaqif Məmmədovun nəzərində isə bu kağızlar məzmunundakı matəm xəbərindən pərt olaraq, xəcalət çəkərək “qaralmışdır” …

   Vaqif Məmmədovun bütün sevgisi qədərsiz idi. Bütün şeirlərindən-hər bəndindən, hər misrasından süzülüb gəlirdi onun qəlbinin sevgi adlı əzəmətli hissi.

           Havam da, suyum da, çörəyim də sən

           Qəlbimdə çox sənli xatirəm yatır…

           Uzaqda deyilsən, ürəyimdəsən,

           Nə ünüm yetişir, nə əlim çatır…

Cəmi 68 illik (1948- 2016) ömrünün yarıdan çoxunu  yazıb-yaradaraq milli-mədəni şüurumuzun yüksəlməsi yolunda sərf etmiş Vaqif Məmmədovun ədəbiyyat və mədəniyyət tariximizdəki xidmətlərini onun əlli  illik  müəllimliyindən ayrı təsəvvür etmək olmaz. Bu gün onun vaxtilə dərs vermiş müəllim tələbələri neçə-neçə vaqiflər yetişdirir. Şair müəllimlik sənətini çox yüksək tutur, məktəbə bir məbəd kimi baxırdı. Onun ayrı-ayrı şeirlərində müəllim obrazına müraciət edilmiş, bu obraza müxtəlif yönlərdən işıq tutulmuşdur.

Bəzə ilahinin ona bəxş etdiyi bir ömrü, hələ çağlayıb coşan ömrü fələk yarıyolda qoya bilir. Bir çayın qarşısına əbədiyyət bəndi qoya bilir. Əngin nehirləri  quruda,  yanar alovu söndürə bilir. Vaqif ömrünü söndürdüyü kimi. Az ömrünü yazıb, yaratmaqla bərabər, dövlətə və dövlətçiliyimizə səmərəli töhfələr vermiş Vaqif Məmmədov bəlkə də ona xas müdrikliyi idi ki, ömrünün sonlarına qədəm qoyduğunu hiss edirdi. Bu hiss misralara töküldü aram-aram:

               Bu da bir ömrün son dayanacağı,

               Olmaya dartınıb dayanır qatar?

                Nə tez gəlib çatdı bu qürub çağı,

                Qışın gəlməyinə axı hələ var?!

    Sözün dəyərini və çəkisini bildiyi üçün Vaqif Məmmədov, gərəksiz yerə yazmır, yazdıqlarının arxasında bəlli bir məram və niyyət durur. Bütün zamanlarda, istisnasız olaraq, yazıçının bədii qüdrəti ilə yanaşı, onun şəxsiyyəti, kimliyi, mövqeyi maraq doğurub, mübahisə obyektinə çevrilib. İnanırıq ki, daima, qərinələr ötsə belə onun əsərləri geniş oxucu kütləsinin diqqət və marağını çəkəcək, dəyişən, yeniləşən zamanla birlikdə təzəliyini, təravətini qoruyub saxlayacaqdır…

Aynur TURAN, xüsusi olaraq ONN üçün.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png