ONN İnformasiya Agentliyi

Kəlbəcərdə bəbir müşahidə olundu

Kəlbəcərdə bəbir müşahidə olundu
03 İyul 2024 - 15:32

Qarabağda və Kəlbəcər istiqamətində bəbir müşahidə olunub. Kəlbəcər işğaldan azad edildikdən sonra bəbirləri ilk müşahidə edən hərbçilər olub. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi (WWF) tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib.

ONN media xəbər verir ki, bunu WWF-nin direktoru Elşad Əsgərov “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda ETSN-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bəbirin təbii qidası olan bezoar keçilərinin bu ərazilərdə sıx məskunlaşması da bu nadir növün Qarabağda yayılmasının əsas şərtlərindəndir:

“Qarabağ vulkanik yaylasında həm də ən qədim zamanlardan bəri bəbirlərə rast gəlinib”.

E.Əsgərovun sözlərinə görə, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır:

“Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökumətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizdə bioloji müxtəlifliyin bərpası və inkişafı üçün münbit şəraitin olması bizdə belə qənaət və əminlik yaratmışdı ki, Qarabağ bölgəsində, Kəlbəcərdə də bəbirlərə rast gəlinəcək və apardığımız monitorinqlər nəticəsində bu təsdiq olundu. Bəbirlərin monitorinqinə ölkəmizdə 2002-ci ildən başlanılıb, ilk dəfə fototələ vasitəsilə 2007-ci ildə Talış dağlarında, 2012-ci ildə isə Zəngəzurda bəbirlər qeydə alınıb ki, bu da Azərbaycanda təbii şəraitdə çəkilmiş ilk bəbir fotolarıdır.

Bu günə qədər monitorinqlər nəticəsində Naxçıvanda 9 yetkin fərd və 9 bala, Hirkan meşələrində isə 8 yetkin fərd, 2 bala fotosu çəkilib. Həyata keçirilən intensiv mühafizə tədbirlərinin nəticəsidir ki, bəbir balalarının dünyaya gəlməsi Qafqazda yalnız Azərbaycanda müşahidə olunub. Bizim ərazimizdə doğulub böyüyən balalar sonra qonşu dövlətlərin ərazisinə yayılır. Onlardan ikisi hətta Türkiyə ərazisində müşahidə edilib, biri isə Qaradəniz hövzəsinə qədər gedib çıxıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png