Rusiyada 500-dən çox Tacikistan vətəndaşı saxlanılıb

Rusiyada narkotik cinayətlərinə görə 500-dən çox Tacikistan vətəndaşı saxlanılıb.

ONN media xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinən 500-dən çox Tacikistan vətəndaşı saxlanılıb. Bu barədə Tacikistan Prezidenti yanında Narkotiklərlə Mübarizə Agentliyinin direktoru Zəfər Səməd mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, daha 23 ölkə vətəndaşı Özbəkistanda, daha üç nəfər isə Qazaxıstanda saxlanılıb. Ümumilikdə, ilin birinci yarısında 528 Tacikistan vətəndaşı xaricdə narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayət törədib. O əlavə edib ki, saxlanılan şəxslərdən ümumilikdə 96 kq narkotik vasitə götürülüb.

 Qeyd edək ki, Tacikistanda qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan əcnəbilərin sayı iki dəfə artıb. Onlardan 5-i Əfqanıstan, 3-ü Özbəkistan, 1-i Qazaxıstan, 1-i Qırğızıstan vətəndaşıdır.