Vətənimin anası DİLİM!

Hər bir azərbaycanlı untmamalıdır ki, xalqımızı dünyada tanıdan ana dilimizdir. Azərbaycan müstəqil dövlətdir. Təbii ki, onun dövlət dili haqqındakı qanunları da realdır və hər birimizin bu qanunlara ciddi riayət etməyimiz ən ülvi borcumuzdur. Ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı hər bir azərbaycanlıya örnək olmalıdır. “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm, amma hesab edirəm ki, öz dilimizlə- Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki, bu, zəngin dildir, artıq dünyada tanınıb, dilimizin adı tanınıb”.

Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir.
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın.
Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.
Dil insan həyatının ən gərəkli, ən zəngin neməti, tükənməz mənəviyyat xəzinəsidir. Dil idrakın, təfəkkürün tərcümanıdır. Milləti millət edən vasitələrdən biri də dildir.
Milli mənəviyyatımızın, milli varlığımız olan dilimizi xalqımız həmişə müqəddəs bilmiş, bütün tarixi dönəmlərdə, həyatın ən ağır və çətin günlərində, sərt repressiya zamanında, ciddi Sovet rejiminin dəmir məngənələrində sıxıldıqda belə göz bəbəyi kimi qoruyub bu günədək saxlayıb və inkişaf etdirmişdir. Zəngin dil mədəniyyətinə sahib olan xalq isə əyilməzdir, qüdrətlidir, ölməzdir! Təsadüfi deyil ki, “ana, vətən” kəlmələri ilə yanaşı, dilimizə “ana dili” deyirik. Azərbaycan dili yüzilliklər boyunca mürəkkəb inkişaf yolu keçmişdir. Dilimizin bugünkü inkişaf səviyyəsi, zənginliyi, kamilliyi göstərir ki, xalqımız dünyanın zəngin mədəniyyətə malik qədim xalqlarındandır. Çünki hər bir dil yüksək inkişaf səviyyəsinə çatmaq üçün tarixin uzun keşməkeşlərindən, əsrlərin qaynağından keçir.
Qədim və zəngin tarixə malik türk dili ailəsinin Oğuz qrupuna daxil olan Azərbaycan dili ümumişlək canlı xalq danışıq dili zəminində yaranmış, sonra şifahi, ədəbi dil, daha sonra isə yazılı ədəbi dil şəklində formalaşmışdır. Ölməz ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” eposunun kamil sənət nümunəsi olması, dilinin rəvanlığı, səlisliyi, məna dolğunluğu, ifadə tərzi, söz zənginliyi sübut edir ki, hələ “Dədə Qorqud”a qədər xalqımızın şifahi dili ilə yanaşı yazılı ədəbi dili də kifayət qədər inkişaf etmişdir, çünki dünyanı heyrətə gətirən “Dədə Qorqud” kimi möhtəşəm sənət abidəsini yaratmaq üçün böyük təşəkkül mərhələləri keçmiş, çoxəsirlik zəngin təcrübə, qüdrətli söz zəmini olmalıydı. Azərbaycan dili bütün insani duyğu və hissləri, ən incə mətləbləri, ən dərin fikir və düşüncələri ifadə etməyə qadir, bulaq suyu kimi saf, təbiət qədər əsrarəngiz, geniş imkanlara malik qüdrətli bir dildir. Onun məna çalarlarına, zəngin söz ehtiyatına, böyük və güclü təsirə, ifadə imkanlarına malik olması hələ XVI əsrdə onun dövlət dili səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur. Beləki, Səfəvilər hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili kimi işlənmiş, Sara Xatun, Şah İsmayıl Xətai diplomatik danışıqları, rəsmi, hərbi beynəlxalq yazışmaları məhz bu dildə aparmışlar.
Azərbaycan dili XVIII-XIX əsrlərdə Asiyanın hər tərəfində müxtəlif dilli xalqların işlətdiyi ümumi ünsiyyət vasitəsi, beynəlxalq dil olmuşdur. Azərbaycan Xalq cumhuriyyəti dövründə Azərbaycan dili dövlət dili olmuşdur. 1929-cu ildə minilliklər boyu işlətdiyimiz əlifba dəyişdirildi. Ərəb əlifbasından latın qarfikasına keçməklə, etnik tərkibdən asılı olmayaraq bu əlifbaya malik bütün müsəlman aləmindən ayrıldıq. Bu, Stalin dövrünün xalqımıza, eləcə də digər müsəlman xalqlarına qarşı məqsədyönlü mənəvi zərbəsi idi. 1939-cu ildə yenidən daha belə bir agır mənəvi zərbə aldıq bu, yazımızın latın qrafikasından kiril qrafikasına keçməsi oldu. Beləliklə, hər dəfə əlifbanı dəyişdikcə, keçmişlə, bu gün arasındakı əlaqə zəifləyir, mənəvi dünyamızın sərvətlərinə doğru aparan körpülər qırılıb tökülürdü.
Bu aydın məsələdir ki, hər bir xalqın həyatında dil, yazı və əlifba çox mühüm ictimai-siyasi, sosialiqtisadi, milli-mənəvi əhəmiyyət kəsb edir. Buna görə də, əlifba nadir hallarda dəyişir. Tutaq ki, VII əsrdə ərəb xilafətinin istilasına-siyasi assimilyasiyaya məruz qalan xalqımız məcburən onun dinini, əlifbasını qəbul etmişdi. Beləliklə, ilk Alban (Qafqaz) əlifbamızdan tamamilə ayrılmışıq…
Bəs, XX əsrdə Sovet cəmiyyətində bizi buna nə vadar edirdi? “Milli mədəni muxtariyyat” saxta şüarı altında milli heysiyyatımıza toxunulur, ən müqəddəs milli sərvətlərimiz təhqir olunurdu. Hətta iş o yerə gəlib çıxdı ki, “Kitabi-Dədə Qorqud” kimi milli sənət abidəmiz yasaq edildi. Bu, bütün türk xalqlarına dögru yöləlmiş bir siyasət idi. Sovet İttifaqında, Türkiyədə, Əfqanıstanda, Çində, İranda, Yunanıstanda, Bolqarıstanda, Yuqoslaviyada, Rumıniyada yaşayan çoxmilyonlu türklərin qüdrəti çoxlarını təşvişə salırdı.
İnsanı mənən yox etmək üçün, onun səsini, milləti yox etmək üçün onun dilini əlindən almaq kifayətdir. Bu siyasət oyunundan baş çıxaran, etiraz edən, milli varlığı uğrunda mübarizəyə cəhd edən zəkalı oğlanlarımıza müxtəlif adlar qoyulub aradan götürülürdü. Öz kökünə, soyuna, milli mədəniyyətinə, dilinə, dininə güvənənlərə “millətçi”, “pantürkist”, “panislamist”, damğaları vuruldu, sürgünlərə göndərildi, edam edildi.
Şərq müsəlman respublikalarında, eləcə də, Azərbaycanda milli dil dövlət dili statusunu itirdi, rus dili doğma dilimizi üstələdi. Azərbaycan dili 1957-ci ildən respublikanın Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına baxmayaraq, əslində bu status öz hüquqi-siyasi mahiyyətini daşımırdı. Rus dili məktəblərini bitirənlər xüsusi imtiyaz sahibi oldu, rus dilini tədris edən müəllimlərə 15 faiz əlavə əmək haqqı verilirdi. Rus dili “ikinci” ana dili səviyyəsinə yüksəlmişdi. Deyən yox idi ki, ananın da ikincisi olurmu? Hətta 60-70 –ci illərdə iş o yerə gəlib çatdı ki, idarələrdə işə götürərkən azərbaycanlıya ilk sual bu olurdu: rus dilində savadlısanmı?
Bütün müsəlman dünyasına, islam aləminə qarşı ardıcıl mübarizə başlanmışdı. Yavaş-yavaş beşik başında laylaların, uzun qış gecələrində nağılların, dastanların, zehnin, nitqin inkişaf etdirilməsində mühüm rolu olan bilməcə, çaşdırma, yanıltmac kimi folklor nümunələrinin çağlayan bulağı qurudu. Zəngin mənəvi sərvətimiz olan muğamlara qulaq asmaq istəməyənlər, saz havalarına dodaq büzənlər, xalq üslubunda yazan şairlərimizi bəyənməyənlər sıxışdıranlar yarandı. Faciəli haldır ki, müqəddəs “ana”, “ata”, “dədə”, sözləri əvəzinə, “mama”, “papa”, “ded” kimi yad kəlmələr düşdü dilimizə. Hətta “Uzundərə”, “Qaytağı”, “Naz eləmə”, “Tərəkəmə” oynamaq əvəzinə avropasayağı atılıb düşdük. Yəqin buna görə, bədxah qonşularımız torpaqlarımız kimi mahnılarımıza, rəqslərimizə də yiyə çıxdılar.
Mötəbər iclaslarda, təntənəli gecələrdə, hətta məişətdə belə doğma ana dilimizdə danışmağı özümüzə ar bildik.
Biz heç də rus dilinin, rus təhsilinin, Avropa mədəniyyətinin, əcnəbi dillərin öyrənilməsinin əleyhinə deyilik. Əksinə, deyiblər neçə dil bilirsənsə, o sayda insansan. Xüsusilə, müasir dövrdə, dünyaya inteqrasiya etdiyimiz bir vaxtda əcnəbi dillərin öyrənilməsinin böyük ictimai-mədəni, iqtisadi-siyasi əhəmiyyəti vardır. Ancaq öz ana dilini, mədəniyyətini bilməyən, adət-ənənələrinə, dilinə xor baxan kəs neçə dil bilirsə-bilsin, həqiqi mənada əsl vətəndaş ola bilməz!
Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, bütün təqiblərə, təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabər hüquqlu mövqeli, zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir. Dil millətin hər bir nümayəndəsinə xidmət edən və ən azı bu xidmətə görə hər birimizin borclu olduğumuz sahədir. Və sözün geniş mənasında milli mənlik şüurunun fövqündə dayanan sahədir. Hər birimiz dilin bizə olan xidməti qarşısında onu qorumalı və yaşatmalıyıq. Dil bütün imkanlarını ifadə etməklə potensial çəkisini nümayiş etdirən sahədir. O, xidməti borcunu heç kəsdən əsirgəmir. Ancaq ondan istifadə edənlər fərqlənir: intelektual səviyyəsinə, qabiliyyətinə, yaşına, dilə olan məhəbbətinə və sairəyə görə.
Ana dili! Ana qədər əziz, Vətən qədər qüdrətli ana dilimiz. Bizim incə, həzin laylalarımız, kövrək bayatılarımız, insanı məğrurluğa, mərdliyə səsləyən qəhrəmanlıq dastanlarımız məhz bu dildə yazılıb. Ona görə də doğma ana dilimizi daha çox sevməli, daha dərindən öyrənməliyik.
Babamın, nənəmin şirin-şirin nağıllarında ürəyimə, girib ana dilim. Elə o zamandan, Füzulinin, ölməz qəzəllərindən, Vaqifin büllur qoşmalarından sənin böyüklüyünü, əhəmiyyətini hiss etmişəm. Hər xalqın öz dili özünə şirindir. Sən də mənə baldan şirin, zirvədən ucasan, azərbaycan dilim! Sənin keşiyində durmaq, səni qorumaq, sevib-əzizləmək və sənin böyüklüyünlə, əzəmətinlə fəxr etmək hər bir azərbaycanlının müqəddəs vəsifəsidir.

Aynur Turan. Xüsusi olaraq ONN üçün.