Peşə məktəblərində də təhsil haqqı artırılıb? – AÇIQLAMA
Peşə təhsilində ödəniş haqlarında bir dəyişiklik yoxdur. Lakin növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var.
ONN media xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, son iki ildə peşə təhsilində adambaşına maliyyələşmə metodundan istifadə edilir.
“Adambaşına maliyyələşməyə keçid bizə imkan verir ki, peşə təhsili müəssisələrində tələbə hazırlığına lazım olan xərclər daha real qiymtləndirilsin. Gəlin razılaşaq ki, Azərbaycanda ödənişli əsaslarla peşə təhsilində tələb olunan ödəniş haqqı təhsil üçün çox aşağıdır. Yəni, 650 manata keyfiyyətli qaynaqçı hazırlamaq mümkün deyil. Amma hazırda qaynaqçı ixtisası üzrə təhsil haqqı 650 manatdır. Bir çox hallarda müəyyən edilən ödənişlər bizə müəllimlərin əməkhaqlarını ödəməyə imkan vermir. Bu reallıqdır və bir çox müəssisəmizdə bu kimi hallar mövcuddur.
Adambaşı maliyyələşməyə keçdiyimiz müəssisələrdə bir sıra ixtisaslarda artıq qiymətlər fərqlənir. Məsələn, qaynaqçı, kompüterlərin təmiri üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisaslarında qiymətlər fərqlidir. Biz bilirik ki, kargüzarlıq üzrə mütəxəssis hazırlanması ilə qaynaqçı hazırlanmasının qiymətləri eyni deyil. Çünki kargüzarlıqda istifadə etdiyimiz material, elektrik enerjisi sərfiyyatı çox aşağı olduğu halda, qaynaqçı ixtisasında bu daha çoxdur. Eynilə kibertəhlükəsizlik üzrə texnik hazırlayırıqsa, başa düşməliyik ki, bu sahədə keyfiyyətli tədris keçə bilən müəllimlərin əməkhaqqı tələbləri daha yüksəkdir. Bu baxımdan növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var”, – deyə C.Kərəmov “Trend”ə açıqlamasında bildirib.
Xatırladaq ki, bəzi universitetlərdə illik təhsil haqqı artırılıb.