Fələstinin HƏMAS təşkilatı İsraillə Qəzza sektorunda atəşkəs razılaşması üçün vasitəçilərə öz şərtlərini çatdırıb. Şərtlərə bir sıra tanınmış fələstinli məhbusların azad edilməsi tələbi daxildir.
Bu barədə Misirin “Al-Youm as-Sabia” portalı məlumat verib.
Mənbənin HƏMAS-dakı məlumatına görə, əsasən söhbət FƏTH hərəkatının liderlərindən biri olan Mərvan Bərquti və Fələstinin Xalq Azadlıq Cəbhəsinin baş katibi Əhməd Saadatdan gedir.
Mənbə qeyd edir ki, bu məhbusların azad edilməsi tələbi HƏMAS-ın fələstinlilər arasında milli birliyi əldə etmək cəhdi kimi qiymətləndirilir.
Digər tələb isə İsrail həbsxanalarında uzun illərdir saxlanılan bütün fələstinli hərəkat liderlərinin, həmçinin 7 oktyabr 2023-cü ildən sonra həbs edilənlər başda olmaqla, bütün həbsdə olan qadın və azyaşlıların sərbəst buraxılmasıdır.