İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni mövsümə başladı

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 141-ci mövsümü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində açıq elan edib.
ONN media xəbər verir ki, görkəmli şair-dramaturq, Əməkdar incəsənət xadimi Hidayətin “Buradan min atlı keçdi” tamaşası ilə açılan mövsümdə təqdim edilən ikihissəli tarixi-xronoloji dram ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissor assistenti İmaməli İmaməliyev, rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Səhnə əsərindəki hadisələr 1968-ci ildən bu günümüzədək dövrü əhatə edir. Dramda tarixən əzəli türk torpaqları olan Qərbi Azərbaycanda azərbaycanlıların yaşadığı ictimai-siyasi şərait, ədəbi-mədəni mühit, İrəvan Azərbaycan Teatrının fəaliyyəti, məkrli erməni siyasətinə qarşı mübarizə əks olunub.
XX əsrin sonlarında Cənubi Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ümummilli lider Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əsas ideya kimi irəli sürən “Burdan min atlı keçdi” əsərinin baş qəhrəmanı o dövrün hadisələrinin içində olan Ədib obrazı (aktyor Natiq Həziyev) o illərdə İrəvan Teatrının rəhbəri işləmiş Hidayətin prototipidir.
Müəllif Heydər Əliyev obrazını (Əməkdar mədəniyyət işçisi İftixar Piriyev) erməni şovinistləri ilə daha gərgin, daha təhlükəli mübarizələr fonunda, həm də hələ o illərdə xalqımız üçün başlanan və gələcəkdə torpaq iddiaları adı altında soyqırımı fəlakətlərinin, əzəli yurd yerlərimizdən deportasiyaların o dəhşətlərini öz iti ağlı, uzaqgörən siyasəti ilə duymasını çox böyük dərinliklə çatdırır. Aktyor isə Ulu Öndərin yerişini, duruşunu, maneralarını, səsinin tembrini, nitqindəki pauzaları, mimikasını, jestlərin, sözlərin, ifadələrin deyilişindəki xırdalıqları çox incə və dəqiq ştrixlərlə təqdim edir.
Ümummilli Liderin o zamankı Ermənistan rəhbəri Koçiniyan (aktyor Məhərrəm Musayev) telefon danışıqları, sərhəddə keçirilən Qazax və Dilicanda görüşü, sonrakı illərdə Qarabağ uğrunda Koçinyanın gizli danışıqları, o vaxtkı Sovet İttifaqının ideoloji xəttini müəyyənləşdirən Mixail Suslovla (Əməkdar artist Nazir Rüstəmov) olan dialoq səhnəsində onu müdrükcəsinə ifşa etməsi, habelə Yeqor Liqaçovla (Xalq artisti Məzahir Süleymanov) görüş səhnəsində rəqibin təhdidinə qarşı cəsarətli çıxışı Ulu Öndərin şəxsi cəsarəti ilə bərabər, Azərbaycan naminə hər cür fədakarlığa hazır olduğunu göstərir. Bu obrazda başlıca məna və vurğu – şəxsiyyət və xalq, öndər və millət, həmçinin onlar arasındakı münasibətlərin ifadə etdiyi tarixi qanunauyğunluqlardır.
Mənfur qonşularımızın illər, əsrlərlə gizli-aşkar apardığı şovinist siyasət, qeyri-insani davranışlar, bu fonda azərbaycanlıların əzəli və əbədi torpaqlarından köçürülməsi əsərdə zəncirvari şəkildə təqdim olunur. Zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran ümummilli lider Heydər Əliyev obrazı Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə edilib.
Final səhnəsində ümummilli liderin gələcək nəsillərə mirası olan deyimlərini ifadə edən ata vəsiyyəti səsləndirilir.
Tamaşanın kulminasiyasında ölkə rəhbəri İlham Əliyevin otuz ildən sonra Qarabağın, onun incisi olan Şuşanın düşmən əsarətindən azad olmasına aid səsləndirdiyi fikirləri əsərin əvvəlində cərəyan edən süjet xəttini Zəfər qələbəmizlə birləşdirir.