Əjdər İsmayılovun müraciətinə millət vəkilindən DƏSTƏK

Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP-çı deputat Sadiq Qurbanov öz feysbuk səhifəsindən tanınmış professor, məşhur “91-lər” dən “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri  professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya  Həcc ziyarəti üçün nəzərdə tutulan məbləğin bu müddətdə ehtiyacı olan şəxslərə yardım edilməsi ilə bağlı ünvanladığı müraciətə  münasibət bildirib.

ONN media həmin müraciəti təqdim edir;

-Dəyərli dostlar, əziz müsəlman bacı-qardaşlarımız!
Bu günlərdə məşhur “91-lər” dən Turan Araşdırma Mərkəzi ictimai təşkilatının  sədri hörmətli professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini oxudum. Gözlərimin önündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və imansız bir imperiyanın məhv edilməsi uğrunda can vermiş ilk qurbanlarımız olan 20 yanvar şəhidləri canlandı.

Həmin günlərdə təcavüzkarlara sinə gərən minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yerinin  Qafqaz Müsəlmanları Ruhani İdarəsi olduğunu yaxşı xatırlayıram. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasimini təşkil edən hörmətli Allahşükür Paşazadə oldu. Başda şeyximiz olmaqla yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız təziyələrin  təşkili, din xadimlərimizin nümayiş etdirdiyi mərdlik və fədakarlıq xalqımızın yaddaşından hələ də silinməyib.
Bü günlərdə hər birimizə bəllidir ki, dünyada tüğyan edən koronovirus pandemiyasına qarşı mübarizə aparılır.

Cənab prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı məlum Fərmanı həmrəyliyə çağırış kimi qəbul edərək dəyərli ziyalımız, professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini yüksək qiymətləndirir  və öz təşəkkürümü bildirirəm.

Eyni zamanda, bu müraciətə hörmətli Mübariz Qurbanlının məlum cavabını da çox yüksək dəyərləndirirəm. İnanıram ki, hər zaman olduğu kimi bu gün də ölkəmizdə başda Qafqaz Müsəlmanları Ruhani İdarəsi olmaqla bütün müsəlmanlar və digər inanc sahibləri bu ağır zamanda Tanrının izni ilə dövlətimizin yanında olacaq, insanlarımızın bu bəladan xilas olmasına oz layiqli töfhələrini verəcəklər. Həzrət Əli buyurmuşdur: ”Vətəni sevmək imandandır”.

Xatırladırıq ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər İsmayılov Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya məktubla müraciət edib. O müraciətində Həcc ziyarətinə ayrılmış məbləğin belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara, ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara ödəyəcəklərini və bu hərəkətlə Azərbaycan möminlərinin  nəinki İslam dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək göstərmiş olacaqlarını qeyd etmişdi.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sözügedən müraciətə cavab verərək təklifə dəstək olduğunu ifadə etmişdi.