ONN media

Əki ustanın zarafatı- Tahir TAHIROVIÇ yazır

Əki ustanın zarafatı- Tahir TAHIROVIÇ yazır
10 May 2019 - 11:53

Tumbul kəndində toy vardı. Hüseyn kişi, böyük oğlu Elşada toy edirdi. Özü də nə az, nə çox, düz üç gün üç gecə. Musiqiçiləri də Aban əmi həll etmişdi. Hüseyn kişinin həyətində iki mərtəbəli taxça vardı. Çalğıçıların yerini elə birinci mərtəbədə qurmuşdular. Tavanının alçaqlığından ayaq üstdə dayanmaq mümkün olmadığı üçün musiqiçilər əyilib otururdular.  Klarnetdə Əki usta, nağarada Dadaş, gitarada Ələkbər, zərb alətində Çıppı çalırdı.Mağar toz- torpağın içində idi. Uşaqlar əllərində çuğun aftafa yeri sulayırdılar. Toy başlar başlamaz musiqiçilər pivə içməklə məşğul idilər. Əki usta təbii ehtiyacını ödəmək üçün tualet axtarırdı. Həyətin aşağı hissəsində taxta parçalarından düzəldilmiş və üstü örtülməmiş tualeti görüb ora tərəf qaçdı. Ayağını içəriyə qoyar-qoymaz tualet yerindən oynadı. Kişi özünü cəld bayıra ata bildi. Qorxudan onu tər basmışdı. Həyətdə oynayan uşaqlardan biri vəziyyəti görüb dedi ki, bu tualet işləmir, içinə düşə bilərsiniz. Təzə tualet həyətin başındadır.   Əki usta gəlib yerinə oturandan sonra nağaraçalan  Dadaşı tualetə necə salmağın planını qurmağa başladı. Uşaqlar tozlu-torpaqlı mağarın meydançasını hələ də aftafa ilə sulayırdılar.      Əki usta Dadaşa tez-tez pivə verirdi. Toyun qızğın vaxtında  Dadaş  Əkiustaya – Əki usta, təcili tualetə getməliyəm – dedi. Əki usta işləməyən xarab tualetin yerini ona göstərdi. Dadaş nağarasını yerə qoyub sürətlə tualetə tərəf istiqamət götürdü.       Bəyin atası “Heyvagülü” sifariş vermişdi. Kəndin adətincə Tumbul kəndinin ahıllarının yarısı mağarın ortasında “Heyvagülü” oynayan məqam idi ki, həyətin aşağı tərəfindən  “Vay…” – deyən vahiməli  bir səs eşidildi. Musiqiçilər əllərini saxladılar. Toy mağarı bir-birinə dəydi. Səsin hardan gəldiyini müəyyən etməyə çalışırdılar. Təxminən 140 kiloluq
Dadaş tualetin çalasına düşmüşdü. Toydakılar hamılıqla tualetə tərəf qaçdılar. İp gətirib Dadaşı ordan çıxartdılar. Dadaş təpədən dırnağa pisə bulaşmışdı. Onu qonşu həyətə aparıb yuyundurdular. Musiqiçilər isə axşama kimi toyu nağarasız yola verməli oldular. Az keçməmiş Dadaş təzə paltarda yenidən mağarda göründü. Təzə bəy kimi təzə geyindiyindən hamı ona baxırdı. Uzaqdan Dadaşın gəldiyini görən Əki usta isə bayaqkı əməlinin zövqündən doymadan, yeni əməliyyatını qururdu. Onsuz da ayaq üstə durmaq mümkünsüz olan taxçada dinc də dura bilmirdi deyəsən. Dadaşın başına daha bir oyun açmaq fikrindəydi. Abbasın oğlu Fuadı çağırıb tapşırdı ki, taxçanın ikinci mərtəbəsindən yekə bir mismar vursun. Mismar yuxarıdan vurulduqca aşağıya doğru çıxmağa başladı. Əki usta istəyirdi ki mismar Dadaşın başına girsin. Odur ki,  Dadaşın kətilini düz mismarın altında yerləşdirdi və səs-küyə salıb  Dadaşı orda əyləşdirdilər. Bayaqkı həngamədən sonra toy yenidən  qızışırdı, amma kim Dadaşa tərəf baxırdısa özünü gülməkdən zorla saxlayırdı. Bu tualet olayı çətin ki, uzun müddət kənd əhlinin yadından çıxa. Dadaş özünü itirmişdi, amma özünü o yerə qoymayıb nağaranı elə hey döyəcləyirdi. Adətən klarnet ifaçıları klarneti ayaq üstə çalanda nağara çalan da nağaranı ayaq üstə dizləri üstə qoyub çalır. Əki usta gözü  ilə Dadaşa  nağaranı ayaq üstə ifa etməyi işarə vurdu. Əki usta ayağa durar-durmaz Dadaş nağaranı qucaqlayıb sürətlə ayağa qalxdı… Və Dadaşın “Vay…” sədası mağaranı yenidən lərzəyə gətirdi. Mismar yarıya kimi Dadaşın başına keçmişdi. Bütün kənd əhli biri əlində bal , biri palçıq Dadaşın başının yarasına sürtürdülər. Dadaşın ah-naləsi tükənmirdi. Nəhayət, başını sarıdılar, ağrısı bir az keçdi, Dadaş toy yiyəsinin evində uzanıb yatdı.  Əki ustagil toyun birinci gününü yola verib Dadaşın uzandığı otağa gəldilər. Dadaşı yuxudan oyadıb, ona  keçmiş olsun –  deyib yenə pivə içməyə başladılar.  Artıq hava qaralmışdı. Musiqiçilər elə yerdə  yan-yana uzanıb  yatmışdılar. Dadaş tualetə getmək istədi. Eyvanın qapısını açanda gördü ki, toya gəlmiş qonaqlar eyvan boyu uzanıb yatıblar, keçməyə yer yoxdur. Qayıdıb pəncərədən tullanmaq istədi, yenə alınmadı. Gördü ki, aşağıda qadınlar dolma bükürlər. Partlayırdı. Eyvanın qapısını açıb barmaqlarının ucunda yatanların arasıyla bayıra çıxmağa çalışdı. Alınmadı, adamlar lap bir-birinə sığınıb yatmışdılar.  Gözü qapı ağzında yatmış balaca uşağa sataşdı. Uşağı götürüb aparıb  öz yatağına uzatdı. Qayıdıb uşağın yerinə uzanıb təbii ehtiyacını ödədi. Sonra sakitcə onu qucağına götürüb bayaqkı yerinə qaytardı. Qayıdıb öz yerinə uzanmaq istəyəndə birdən  Dadaşdan daha bir  “Vay…” fəryadı yayıldı.  Hamı oyandı. Dadaş gecikmədən nağarasını götürüb pəncərədən həyətə tullandı düz dolma qazanın içinə, ordan da  arxasına baxmadan küçəyə qaçdı. Sən demə, uşaq Dadaşın yerinə böyük bayıra  gedibmiş…

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png