ƏSƏRLƏRİ DÖVLƏT VARİDATI ELAN EDİLƏN – SEYİD ƏZİM ŞİRVANİ

X/X əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi və maarifçisi Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda anadan olmuş, kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmiş anası Səkinə xanımın himayəsində qalmışdır.

Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn onu yanına aparmış və şair yeniyetməlik dövrünü babasının himayəsində keçirmişdir. İbtidai təhsilini orada alan Şirvani  bir neçə Dağıstan ləhcəsi də öyrənmişdir. Babasının təsiri ilə dini elmlərə maraq göstərən şair 1853-cü ildə  Şamaxıya qayıtmışdır. Biliyini artırmaq üçün bir müddət Bağdadda və Şamda yaşamışdır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır.

Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir və 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyanı ziyarət edib vətənə qayıdan Seyid ruhani olmaq fikrindən əl çəkib məktəbdarlıqla məşğul olur.

«Əkinçi» qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini bu qəzetdə çap etdirmişdir. «Əkinçi» bağlandıqdan sonra «Ziya», «Ziyayi-Qafqaziyyə» qəzetləri ilə əməkdaşlıq etmişdir.

1877-ci ildə Seyid Əzim Şamaxı məktəbinə Azərbaycan dili və şəriət müəllimi düzəlmiş, qısa fasilə ilə ömrünün sonuna qədər orada işləmişdir. 1879-cu ildə «siyasi cəhətdən şübhəli müəllim» kimi işdən çıxarılmış, Tiflisə şikayət etdikdən sonra yenidən öz vəzifəsinə qaytarılmışdır. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.

1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən «Rəbiül-ətfal» (Uşaqların baharı) dərsliyini tamamlayır. 1887-ci ildə maarif sahəsindəki xidmətlərinə görə «Za userdiye» medalı ilə təltif olunmuşdur. Maddi ehtiyac içində yaşayan şair bu medalı almaq üçün 7 manat 50 qəpiyi tapa bilmədiyindən yalnız ölümünə 10 gün qalmış 1888-ci ilin may ayında almışdır.

Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” və s. satiralarıdır.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazan Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmiş və öz vəsiyyətinə görə Şaxəndan qəbirsanlığında dəfn edilmişdir.

Allah rəhmət eləsin.