Makronun ikili standartı – Əbülfət MƏHƏRRƏMLİ yazır

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN İnformasiya Agentliyi üçün.

Tarix kitablarından
Fransız xalqının humanist dəyərlər, demokratiya və insan haqlarının inkişafı baxımından
tarix boyu bəşəri böyük töhfələr verdiyini çox oxumuşuq. Amma təssüflər olsun
ki, Qərb sivilizasiyasının öncüllərindən olan bu ölkədə bu gün əsrlərlə xalqın qazandığı
böyük dəyərlərlə uyuşmayan hadisələrin şahidi oluruq. Fransa Prezidenti Emmanuel
Makronun 24 apreli qondarma erməni soyqırımını anma günü elan etməsini başqa
cür başa düşmək mümkün deyil. Fransa liderinin bu addımını ikili standartların ən
bariz nümunəsi hesab etmək olar.

İki il öncə
president seçkiləri zamanı erməni diasporunun səsini qazanmaq naminə boyun
olmuşdu ki, həmin tarixi anma günü kimi qəbul edəcək. Yəni ortada konkret
maraqlar var idi, maraqlar isə prezidentlik iddiasında olan siyasətçi üçün fransız
xalqının əsrlərlə qazandığı dünyəvi dəyərlərdən üstün imiş. Fransa Erməni Təşkilatları
Koordinasiya Şurasının rəsmi qəbulunda o, anma günü ilə bağlı mövqeyini nümayiş
etdirdi. Bununla da ölkədə demokratik dəyərlərə, insan hüquq və azadlıqları ilə
bağlı hüquqa saymazlıq nümayiş etdirdi.

Əslində nə baş
verdi?

Osmanlı
imperiyasında 1915-ci ildə baş vermiş hadisələri Fransa Parlamenti 2001-ci ildə
“erməni soyqırımı” kimi tanımışdı.  O
zaman, Birinci Dünya müharibəsi illərində işğalçılıq siyasəti yeridən, qardaş
Türkiyəni parçalamağa çalışan, bunun üçün erməniləri silahlandırıb türklərin üzərinə
qaldıran, qırğınların törədilməsində bilavasitə əli olan dövlətlərdən biri də
Fransa idi.

Yeri gəlmişkən,
müstəmləkəçilik siyasəti yeridən Paris 1834-cü ildə Əlcəzairi işğal etmiş, 19
mart 1962-ci ildə bu Afrika ölkəsi müstəqillik qazanana qədər, yəni 128 il ərzində
milyonlarla ərəb fransızlar tərəfindən qəddarlıqla məhv edilmiş, faktiki olaraq
amansızcasına soyqırmı törədilmişdi. Fransız humanistləri əlcəzairlərin tarixi
faciəsini öz adı ilə adlandırsa da, rəsmi Paris sələflərinin törətdiklərini bu
günədək nə soyqırımı kimi tanıyıb, nə də həmin dəhşətli faciələrlə bağlı anma
günü elan edib. Münasibətlərdəki bu fərq Fransa hökümətinin tarixi hadisələrə ikili
standartlarla yanaşdığını açıq-aydın göstərir.

2011-ci ilin
dekabrında Fransa Parlamentinin aşağı palatası “erməni soyqırımının” inkarını kriminallaşdıran qanunu qəbul, bir
ay sonra isə Fransa Senatı təsdiq etmişdi. Hüquqi akt “erməni soyqırımını” inkar
edən şəxslər üçün 45 min avro cərimə və ya bir il müddətinə azadlıqdan məhrumetmə
cəzası nəzərdə tuturdu. Ancaq 2012 ci
il fevralın 28-də Fransanın Konstitusiya Məhkəməsi hüququn aliliyini
üstün götürüb ölkə Konstitusiyasına zidd olduğu üçün bu qanunu ləğv etmişdi.

Oxşar hadisə ilə
bağlı məsələ  Avropa İnsan Hüquqları Məhkəməsinə
də çıxarılmışdı. “Erməni soyqırımının”
inkar edilməsinə görə cəza nəzərdə tutan qanun İsveçrədə də qəbul edilmişdi.
Türkiyə İşçi Partiyasının rəhbəri professor Doğu Perinçək 2005-ci ildə İsveçrənin
Lozanna şəhərində keçirilən mitinqdə uydurma “erməni soyqırımını” beynəlxalq
yalan adlandırmışdı. Məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilən siyasətçi
cərimə edilərək azadlığa buraxılmışdı.

Söz və ifadə
azadlığını məhdudlaşdırdığına görə 2008-ci ilin iyununda Avropa İnsan Hüquqları
Məhkəməsinə şikayət edən Perinçək 17 dekabr 2013-cü ildə keçirilən məhkəmədə İsveçrə
üzərində qələbə qazanmışdı. 1915-ci il hadisələrinin “erməni
soyqırımı” kimi xarakterizə edilə bilinməyəcəyi də AİHM-in qərarında öz əksini
tapmışdı.

16 mart 2014-cü
ildə rəsmi Bern apellyasiya şikayəti versə də, AİHM-in Böyük Palatası məhkəmənin İsveçrəyə
qarşı çıxardığı qərarı bir daha təsdiqləmişdi.

Bütün bunlar ermənilərin uydurduğu, xristan təəssübkeşliyi göstərən bir çox dünya ölkələrinin parlamentlərində lobbi fəaliyyətilə qəbul etdirdiyi “soyqırım” qərarlarının beynəlxalq hüquq müstəvisində keçməz olduğunu nümayiş etdirir. Və düşünmək olardı ki, Avropa İnsan Haqları Məhkəməsinin, Fransa Konstitusiya Məhkəməsinin qərarlarından sonra Türkiyəyə qarşı əsassız ittihamlara son qoyulacaq. Anma günü ilə bağlı qərarı bütün çılpaqlığı ilə göstərir ki, ancaq Makron hökumətinin məqsədi heç də tarixi ədalətin bərpası deyil. Məqsədi ədalət olsa idi, Xocalıda törədilən soyqırıma göz yunmazdı, ədalət istəyərdi. Bunların əsas maraqları ikili standartların müdafiəsidir.