ONN İnformasiya Agentliyi

Makronun ikili standartı – Əbülfət MƏHƏRRƏMLİ yazır

Makronun ikili standartı – Əbülfət MƏHƏRRƏMLİ yazır
17 Aprel 2019 - 10:30

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN İnformasiya Agentliyi üçün.

Tarix kitablarından Fransız xalqının humanist dəyərlər, demokratiya və insan haqlarının inkişafı baxımından tarix boyu bəşəri böyük töhfələr verdiyini çox oxumuşuq. Amma təssüflər olsun ki, Qərb sivilizasiyasının öncüllərindən olan bu ölkədə bu gün əsrlərlə xalqın qazandığı böyük dəyərlərlə uyuşmayan hadisələrin şahidi oluruq. Fransa Prezidenti Emmanuel Makronun 24 apreli qondarma erməni soyqırımını anma günü elan etməsini başqa cür başa düşmək mümkün deyil. Fransa liderinin bu addımını ikili standartların ən bariz nümunəsi hesab etmək olar.

İki il öncə president seçkiləri zamanı erməni diasporunun səsini qazanmaq naminə boyun olmuşdu ki, həmin tarixi anma günü kimi qəbul edəcək. Yəni ortada konkret maraqlar var idi, maraqlar isə prezidentlik iddiasında olan siyasətçi üçün fransız xalqının əsrlərlə qazandığı dünyəvi dəyərlərdən üstün imiş. Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının rəsmi qəbulunda o, anma günü ilə bağlı mövqeyini nümayiş etdirdi. Bununla da ölkədə demokratik dəyərlərə, insan hüquq və azadlıqları ilə bağlı hüquqa saymazlıq nümayiş etdirdi.

Əslində nə baş verdi?

Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələri Fransa Parlamenti 2001-ci ildə “erməni soyqırımı” kimi tanımışdı.  O zaman, Birinci Dünya müharibəsi illərində işğalçılıq siyasəti yeridən, qardaş Türkiyəni parçalamağa çalışan, bunun üçün erməniləri silahlandırıb türklərin üzərinə qaldıran, qırğınların törədilməsində bilavasitə əli olan dövlətlərdən biri də Fransa idi.

Yeri gəlmişkən, müstəmləkəçilik siyasəti yeridən Paris 1834-cü ildə Əlcəzairi işğal etmiş, 19 mart 1962-ci ildə bu Afrika ölkəsi müstəqillik qazanana qədər, yəni 128 il ərzində milyonlarla ərəb fransızlar tərəfindən qəddarlıqla məhv edilmiş, faktiki olaraq amansızcasına soyqırmı törədilmişdi. Fransız humanistləri əlcəzairlərin tarixi faciəsini öz adı ilə adlandırsa da, rəsmi Paris sələflərinin törətdiklərini bu günədək nə soyqırımı kimi tanıyıb, nə də həmin dəhşətli faciələrlə bağlı anma günü elan edib. Münasibətlərdəki bu fərq Fransa hökümətinin tarixi hadisələrə ikili standartlarla yanaşdığını açıq-aydın göstərir.

2011-ci ilin dekabrında Fransa Parlamentinin aşağı palatası “erməni soyqırımının” inkarını kriminallaşdıran qanunu qəbul, bir ay sonra isə Fransa Senatı təsdiq etmişdi. Hüquqi akt “erməni soyqırımını” inkar edən şəxslər üçün 45 min avro cərimə və ya bir il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Ancaq 2012 ci il fevralın 28-də Fransanın Konstitusiya Məhkəməsi hüququn aliliyini üstün götürüb ölkə Konstitusiyasına zidd olduğu üçün bu qanunu ləğv etmişdi.

Oxşar hadisə ilə bağlı məsələ  Avropa İnsan Hüquqları Məhkəməsinə də çıxarılmışdı. “Erməni soyqırımının” inkar edilməsinə görə cəza nəzərdə tutan qanun İsveçrədə də qəbul edilmişdi. Türkiyə İşçi Partiyasının rəhbəri professor Doğu Perinçək 2005-ci ildə İsveçrənin Lozanna şəhərində keçirilən mitinqdə uydurma “erməni soyqırımını” beynəlxalq yalan adlandırmışdı. Məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilən siyasətçi cərimə edilərək azadlığa buraxılmışdı.

Söz və ifadə azadlığını məhdudlaşdırdığına görə 2008-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edən Perinçək 17 dekabr 2013-cü ildə keçirilən məhkəmədə İsveçrə üzərində qələbə qazanmışdı. 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi xarakterizə edilə bilinməyəcəyi də AİHM-in qərarında öz əksini tapmışdı.

16 mart 2014-cü ildə rəsmi Bern apellyasiya şikayəti versə də, AİHM-in Böyük Palatası məhkəmənin İsveçrəyə qarşı çıxardığı qərarı bir daha təsdiqləmişdi.

Bütün bunlar ermənilərin uydurduğu, xristan təəssübkeşliyi göstərən bir çox dünya ölkələrinin parlamentlərində lobbi fəaliyyətilə qəbul etdirdiyi “soyqırım” qərarlarının beynəlxalq hüquq müstəvisində keçməz olduğunu nümayiş etdirir. Və düşünmək olardı ki, Avropa İnsan Haqları Məhkəməsinin, Fransa Konstitusiya Məhkəməsinin qərarlarından sonra Türkiyəyə qarşı əsassız ittihamlara son qoyulacaq. Anma günü ilə bağlı qərarı bütün çılpaqlığı ilə göstərir ki, ancaq Makron hökumətinin məqsədi heç də tarixi ədalətin bərpası deyil. Məqsədi ədalət olsa idi, Xocalıda törədilən soyqırıma göz yunmazdı, ədalət istəyərdi. Bunların əsas maraqları ikili standartların müdafiəsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png