11 iyul Abbas Səhhətin vəfat etdiyi gündür

11 iyul (1918-1874) Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, şair, dramaturq, tərcüməçi Abbas Səhhətin ( Mehdizadə Abbas Əliabbas oğlu ) vəfat etdiyi gündür. 

Şair, dramaturq, tərcüməçi Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmiş, ilk təhsilini elə burada almışdır. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc 1901-ci ildə Şamaxıya qayıdır və həkimliklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır və artıq 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri işıq üzü görür.

“Yeni üslublu
məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor
Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına
qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda
nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir.
Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu
rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki), fransız (Hüqo, Müsse,
Sülli-Prüdom) şair və yazıçılarının əsərləri ilə tanış edir.

1912-ci ildə şairin
şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi
“Qərb günəşi” adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra
“Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli”
adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin
yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur.
O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq
Fikrət yaradıcılığına diqqət göstərmişdir.

Abbas Səhhət Azərbaycanda
liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti
etiraz edərək, əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını
dəstəkləmişdir. Şair 1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl
əsərlərini həsr etmişdir. O, uşaqlar üçün yazılmış “Yay”, “Ata
və oğul”, “Quşlar” və onlarla başqa şeir və mahnıların
müəllifidir.

Abbas Səhhət 1918-ci ildə
Gəncədə vəfat etmişdir.