ONN İnformasiya Agentliyi

15 fevral Musa Cəlilin doğulduğu gündür

15 fevral Musa Cəlilin doğulduğu gündür
15 Fevral 2021 - 12:45

Unutmayaq, unutdurmayaq!

15 fevral (1906 – 1944 Berlində konslagerdə alman faşistləri tərəfindən edam edilib) görkəmli Tatar Türkü, XX əsr Tatar ədəbiyyatının görkəmli nümayəndəsi, şair, Tatar xalqının qəhrəman oğlu Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin doğulduğu gündür.

XX əsr tatar ədəbiyyatının tanınmış nümayəndəsi Musa Cəlil (Zalilov) Orenburq vilayətinin Şarlık rayonunun Mustafin kəndində anadan olmuşdur. Uşaqlıqdan atasını itirmiş, anasının himayəsində yaşamışdır. O, ailəni dolandırmaq məqsədi ilə ağır zəhmətə qatlaşmağa məcbur olmuşdur.

Musa Cəlil ilk olaraq Mustafin kənd ibtidai məktəbində, daha sonra 1913-1918-ci illərdə isə Orenburq şəhərində fəaliyyət göstərən Hüseyn  mədrəsəsində təhsil almışdır.

XX əsrin 20-ci illərindən bədii yaradıcılığa başlamış, şeirlərini vətən, xalq, ayrılıq mövzularında yazmışdır. Musa Cəlil ilk şeirini 8 yaşında yazmışdır. 1919-cu ildə isə, ilk şeiri dərc olunmuşdu.

O, Rusiyanı  bürüyən vətəndaş müharibəsinin faciələrini gözləri ilə görmüş, gənc olmasına baxmayaraq, siyasi proseslərin önündə getmişdir.1921-ci ildə ölkədə kütləvi aclığın başlaması nəticəsində Musa Cəlil doğma kəndini tərk edir və Kazanşəhərinə köçür. O,1923-cü ildə Kazanda rabfaka (fəhlə fakültəsi) daxil olur, 1927-ci ilə qədər Orsk və Orenburq komsomol təşkilatlarında çalışır. Musa Cəlil 1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır.

Universiteti bitirdikdən sonra əvvəlcə Balaca dostlar adlı tatar uşaq jurnalının redaktoru,daha sonra Kommunist qəzetinin redaktor müavini olmuşdur. Bu dövrdə o, intensiv şəkildə yaradıcılıqla məşğul olmuş, müəyyən sayda şeir, poema, mahnı mətni, ballada, opera librettosu və publisistik əsərlər yazmışdır.

Musa Cəlil 1935-1938-ci illərdə Tatarıstan Dövlət Opera Studiyasında, 1939-cu ildən 1941-ci ilə qədər Tatarıstan yazıçılar İttifaqının sədri vəzifəsində işləmişdir.

Musa Cəlil  Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ildə cəbhəyə getmiş, Volkov cəbhəsinin orqanı olan Otvaqa qəzetində cəbhə müxbiri vəzifəsində çalışmışdır. Musa Cəlil  25 iyun 1942-ci ildə Volkov cəbhəsinin Qluxar-Krest çayı sahilində partlayış dalğası nəticəsində ayağından yaralanmış və faşistlərə əsir düşmüşdür. Vətənpərvər şair 1942-ci ildə Çuss, 1943-cü ildə Radom-Yedlina, 1944-cü ildə Tegel və s. düşərgələrində məhbəs həyatı keçirsə də, işgəncələrdən qorxmayaraq Qumerov familiyası altında gizli şəkildə fəaliyyət göstərmiş,əsirlərin düşərgədən qaçmasına kömək göstərmişdir.

Moabit zindanı Musa Cəlil üçün daha çox işgəncə və sınaq meydanı olmuşdur. Müharibədən sonra onun kamera yoldaşlarının Moabit ölüm zindanında şairin işgəncələr qarşısında qeyri-adi dözümlüyü və iradə möhkəmliyi haqqında dediklərinə heyrət doğurmamaq qeyri-mümkündür. Musa Cəlil antifaşist təbliğatı aparmasına və əsirlərin kütləvi şəkildə düşərgədən qaçmasını təşkil etdiyinə görə ölüm cəzasına məhkum edilmiş, 25 avqust 1944-cü ildə Pletenze həbisxanasında edam edilmişdir.

Lakin müharibədən sonra ona vətən xaini damğası vurulmuş, ailə üzvləri Tatarıstandan sürgün edilmişdir. Xoşbəxtlikdən Musa Cəlilin ölüm düşərgələrində yazdığı şeirləri itməmiş, onların bir qismi məhbəs yoldaşları tərəfindən qorunub saxlanılmışdır.1946-cı ildə şəxsiyyəti haqqında məlumat verməyən bir şəxs onun şeirlərini Tatarıstan Yazıçılar İttifaqına təqdim etmişdir.1949-cu ildə M.Cəlilin belçikalı əsir yoldaşı Andre Timmermans şairin ərəb əlifbası ilə yazılmış şeirlərini (M.Cəlil bu şəxsə bir neçə şeir həsr etmişdir) SSR-nin Brüsseldəki səfirliyinə çatdırmış, onun anti-faşist fəaliyyəti barədə məlumat vermişdir.1956-cı ildə Musa Cəlilə bəraət verildiyi üçün vətən xaini damğası üzərindən götürülmüş, əsərlərinin çapına, bədii irsinin tədqiqinə qoyulan qadağalar ləğv edilmişdir.

Musa Cəlilin əsirlikdə bir yerdə olduğu həmyerlisi Qimran Təlqətov 1956-cı ildə onun şeirlər kitabını çap etdirmişdir. Musa Cəlil 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına, Moabit zindanxanasında yazdığı şeirlər əsasında 1957-ci ildə çap olunmuş kitabına görə isə Lenin mükafatına layiq görülmüşdür.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png