ONN MEDİA

21 iyun – Qorbaçovu ayağa qaldıran Tofiq İsmayılovun doğum günüdür

21 iyun – Qorbaçovu ayağa qaldıran Tofiq İsmayılovun doğum günüdür
21 İyun 2019 - 10:45

Unutmayaq, unutdurmayaq!

21 iyun (1933 – 1991) Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosu, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri, SSRİ Xalq deputatı olmuş Tofiq Kazım oğlu İsmayılovun doğulduğu gündür.

Tofiq İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdu. Atası İsmayılov Kazım Mirheydər oğlunun(1905-1981)  əsli İsmayıllı rayonunun Basqal kəndindən idi. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, polkovnik, dövlət və partiya işçisi olmuşdur.

Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə getmişdir. Onun Kosmonavtika elminə olan marağı ağır müharibə illərindən başlayaraq. Y.A. Qaqarin adına keçmiş Pionerlər sarayında aviamodellərin dərnəyindən başlamışdır. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil oldu.1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başladı və eləcə də aspiranturanı müvəffəqiyyətlə bitirdi.

1956-cı ildə ali məktəbi bitirdikdən sonra Moskva şəhərinin aparıcı müəssisələrində işləmiş, sonralar aspiranturaya daxil olmuş və müvəffəqiyyətlə bitirmişdi.

1964-cü ildə Bakı şəhərinə qayıtdıqdan sonra müəssisələrdən birinə aparıcı mühəndis vəzifəsinə göndərildi. 2 ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbayca Texniki Universiteti) pedaqoji fəaliyyətə başlayaraq elektronika kafedrasının dosenti oldu.

1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışdı. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, “Xəzər” Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır.

1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.

Tofiq İsmayılov qanlı 20 Yanvar faciəsindən sonra SSRİ Ali Sovetinin iclasında bütün deputatları, Mixail Qorbaçovda daxil olmaqla ayağa qalxmağa, 20 Yanvar Şəhidlərinin xatirəsi üçün “bir dəqiqəlik sükut” etməyə məcbur etmişdi. Əli Azərbaycan xalqının qanına batmış Yazovun meydanda ölənlərə qarşı səsləndirdiyi yalanlara o “Yalan deyirsən, əclaf” deyərək cəsarətlə cavab vermişdi.

1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli surətdə həlak oldu.

Allah rəhmət eləsin.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP