24 may Mirzə Bala Məmmədzadənin doğulduğu gündür

Unutmayaq, unutdurmayaq.

24 may  (1898, Zirə, Bakı quberniyası – 8 mart 1959, İstanbul) – publisist, tərcüməçi, dramaturq, ictimai -siyasi xadim Mirzə Bala Məmmədzadənin doğulduğu gündür.

Mirzə Bala Məmmədzadə 1898-ci il mayın 24-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olmuşdur. Atası ailəsini dolandırmaq üçün əsrin əvvəllərində Bakıya köçərək, şəhərin Çəmbərəkənd adlanan hissəsində məskunlaşmışdır. Uşaqlığı Bakıda Çəmbərəkənddə keçmişdir. 7ci “rus-tatar” məktəbini (1914), 3-cü ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki sənaye məktəbində davam etdirmişdir.

Ədəbi yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə İsa bəy Aşurbəyovun “Kaspi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitabı çap olunmuşdur (1912). “Məhəmmədiyyə” dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. Bu dövrdə “Azərbaycan”, “Gənclik sədası” və s. qəzetlərdə arabir çıxış edir.

1915-ci ildə M.Ə.Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə ara-sıra məqalələr yazan Mirzəbala Məmmədzadə, sonradan həmin qəzetin işində fəal iştirak etmişdir. Eyni zamanda, həftəlik “Bəsirət” jurnalının baş redaktoru olmuşdur.

1917-ci il fevral
inqilabından sonra açıq siyasi fəaliyyətə qoşulmuş, “Müsavat”
partiyası sıralarına daxil olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal
sonra M.B.Məmmədzadə “Müsavat” partiyası nəzdində yaradılmış “Gənclər
cəmiyyəti”nin orqanı “Gənclər yurdu” (1918, iyun-noyabr)
jurnalının redaktoru (T.F.Hacızadə ilə birgə) olmuşdur. Həmin dövrdə Mirzə
Balanın Tiflisdə “İki inqilab arasında” adlı risaləsi də çap
edilmişdi. Kitabçada 1905-1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat,
teatr, din və qadın məsələləri tarixinə ümumi nəzər salınırdı. Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentində stenoqrafçı işləyən M.B.Məmmədzadə 1919-cu ilin
oktyabrında “Müsavat” partiyası Bakı Komitəsinin üzvü seçilmişdi. Həmin
ilin sentyabrında Azərbaycan Dövlət Teatrında onun 1918-ci il mart soyqırımıdan
bəhs edən “Bakı uğrunda mübarizə” pyesi tamaşaya qoyulmuşdu.

İctimai-siyasi işlərə
böyük maraq göstərən gəncin bir jurnalist və siyasi xadim kimi yetişməsində
“Açıq söz” qəzetinin və onun yaradıcısı M.Ə.Rəsulzadənin çox böyük rolu olur. Hətta
burada ilk dəfə görüşüb tanış olduğu M.Ə.Rəsulzadənin illər sonra əqidə və məslək
dostlu olan M.B.Məhəmmədzadə ömrünün sonuna kimi bu dostluğa sadiq qalır.

M.B.Məhəmmədzadə 1959-cu ilin mart ayının 8-də İstanbulda vəfat etmiş, Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur.

Allah rəhmət eləsin.