ONN İnformasiya Agentliyi

24 may Xədicə xanımın doğulduğu gündür

24 may Xədicə xanımın doğulduğu gündür
24 May 2021 - 11:53

Unutmayaq, unutdurmayaq!

Xədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tiflisdə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tiflisin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı.  1911-ci ildə Xədicə xanım “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurmuş, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülmüşdür.

Xədicə Qayıbovanın evi əsl musiqi ocağı idi. Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. O dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları bu ocağa toplaşırdı. Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr keçirmişdir.

1920-ci illərin əvvəllərində Xalq Maarif Komissarlığı nəzdində olan Şərq müsiqi şöbəsinin müdiri təyin olunmuşdu. 1927-ci ildə konservatoriyaya daxil olmuş, eyni zamanda teatr texnikumunda dərs demiş və elmi – tədqiqat işi ilə məşğul olmuşdur.

1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini milliyətcə erməni olan leytenant Tevosyan belə bir arayış tərtib edib: “Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir.

Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17 də həbs edilib və sonra güllələnib.

Daha sonralar Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı günahsız hesab olunaraq represiya qurbanı kimi bəraət verilmişdir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png