ONN İnformasiya Agentliyi

26 may Xuluflu Vəli Məmmədhüseyn oğlunun doğulduğu gündür

26 may Xuluflu Vəli Məmmədhüseyn oğlunun doğulduğu gündür
26 May 2021 - 9:32

Unutmayaq, unutdurmayaq!

26 may (1894-1937) folklorşünas, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, professor, Azərbaycan Elmlər Akademiyası, Azərbaycan İnstitutunun direktor müavini vəzifəsində çalışmış ensiklopedik biliyə malik – ərəb, fars, rus, alman, tacik dillərini mükəmməl bilən 30-cu illərin repressiya qurbanı Xuluflu Vəli Məmmədhüseyn oğlunun doğulduğu gündür.

Vəli Xuluflu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dəryaçasının altında qalıb) anadan olub. İbtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada alan Vəli Xuluflu sonra “Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyub. 1912-ci ildə mədrəsəni müvəffəqiyyətlə bitirib, 1913-cü ildə həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib, müəllimlik edib, 1920-1922-ci illərdə Gəncə quberniyasında Qəza Partiya Komitəsinin katibi vəzifəsində işləyib.

1921-ci ildə partiya sıralarında “təmizləmə işləri” ilə əlaqədar Sov. İKP üzvlüyündən çıxarılıb. 1922-1927-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. Eyni zamanda Yeni Türk (Azərbaycan) əlifbası komitəsində təlimatçı işləyib və paralel olaraq “Bakı fəhləsi” kooperativ nəşriyyatı və “Azərnəşr”in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edib. 1927-ci ildə yenidən partiya üzvlüyünə bərpa edilib.

1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsində çalışıb, institutun yenidən təşkili zamanı isə Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilib.

Vəli Xuluflu şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrinə xüsusi qayğı göstərib. İşlədiyi Dil Ədəbiyyat və İncəsənət İnstitutu ləğv edildikdən sonra, 1933-cü ildə bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışıb. 1933-cü ildən SSRİ EA-nın Azərbaycan şöbəsinin mütəxəssisi olub. 1936-cı ildən SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini və digər vəzifələrdə çalışıb.

Vəli Xuluflu Azərbaycanda yeni əlifba ideyasının qızğın tərəfdarlarından olub. Alimin ideya silahdaşı Xalid Səid Xocayevin yazdığına görə, o, yeni türk əlifbasına keçmək işinə lap əvvəldən əməli işi ilə yardım edib. 1920-30-cu illərdə Azərbaycanın elmi və mədəni həyatında çox böyük rol oynayıb. Rəsmi sənədlərdə tarixçi kimi tanıdılsa da, onun dilçiliyə və ədəbiyyatşünaslığa aid əsərləri heç də tarixə həsr edilmiş əsərlərindən az deyil. Məsələn, 1925-ci ildə yazmış olduğu “Yeni türk əlifbası ilə yazı qaydaları” adlı kitabçasında o, savadlı bir dilçi alim kimi diqqəti cəlb edir.

O, bütün fəaliyyəti boyu harada işləməsindən asılı olmayaraq bütün ömrünü Azərbaycan xalqının mədəni həyatının yüksəlişinə, savadlanmasına, maariflənməsinə həsr edib. Həmin ağır dövrdə çətinliklə də olsa bir çox kitablar nəşr etdirib: “Yeni türk əlifbası ilə yazı qaydaları” (1925), “Yeni türk əlifbası ilə yazı qaydaları” (1926-cı il, II nəşri), “Koroğlu” (1927), “Koroğlu” (1929-cu il, II nəşri), “İmla lüğəti” (1929), “Tapmacalar” (1929), “Panislamizm, imperializm və ruhaniyyət” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “Səlcuq dövlətinin tarixi quruluşuna dair” (1930), “Məhərrəmlik münasibətilə” (1932)… O, eyni zamanda yüzlərcə qəzet və jurnal məqaləsinin müəllifidir.

Vəli Xuluflu aşıq yaradıcılığını çox sevirdi. Ədibin toplayıb nəşr etdirdiyi “Koroğlu” dastanında da qəhrəmanın aşıqlığına xitabən yazırdı ki, aşıq yaradıcılığı, elin ruhudur, o, lazım olanda qılıncdan da kəsərlidir.

37-ci il repressiyaları yüzlərlə azərbaycanlı ziyalı kimi Vəli Xulufludan da yan keçmədi. 13 oktyabr 1937-ci ildə görkəmli alimi güllələyirlər.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png